İranla Azərbaycan arasında müharibə mümkündürmü?

12 Noyabr 2022 11:08

"İranın silahları və raket gücü Azərbaycandan daha çox və daha yaxşıdır və bu, Azərbaycanın İran sərhədlərinə birbaşa hücumuna mane olur".

Milli.Az xəbər verir ki, bu sözlər İran mediasında dərc olunan absurd məqalədə yer alıb.

İran mətbuatı yazır:

"İranla Azərbaycan arasında ixtilaflar artmaqdadır. Bu, son hadisələrə, açıqlamalara nəzər saldıqda başa düşülən danılmaz faktdır. Bakı ilə Tehran arasında fikir ayrılıqları Qarabağ müharibəsindən sonra başlayıb. 

Ermənistan üzərində qələbədən sərxoş olan Bakı İran azərbaycanlılarını təhrik etməyə başlayıb və Zəngəzur dəhlizini Azərbaycana aid olduğunu bildirərək, özünü bütün bunların sahibi adlandırıb. Bu baş verənlər İranın reaksiya göstərməsinə və Bakının hərəkətlərini provokasiya hesab etməsinə səbəb olub.

İki tərəflər arasındakı fikir ayrılıqları bir çoxlarının tərəflərin məhdud sərhəd müharibəsinə keçə biləcəyi ilə bağlı şübhəyə salıb. Bu təhlillər xüsusilə Türkiyə Azərbaycana dəstək verməyə başlayanda və Ukrayna müharibəsi səbəbindən Rusiya Avrasiya regionunda mühüm rolunu itirəndə daha da artıb.

Çətin ki, İranla Azərbaycan müharibə etsin. Bir tərəfdən regionun siyasi və strateji vəziyyəti, digər tərəfdən tərəflərin hərbi güclərinin disbalansızlığı onların ümumi sərhədlərdə quruda məhdud müharibəyə girməsinə mane olur".

İranın mövcud hərbi gücünü həddindən artıq şişirdən sayt yazır:

"İranın raket və quru qoşunlarının gücü Azərbaycandan qat-qat üstündür və məhz bu amil Bakının hərbi əməliyyatlara başlamasına mane olur. İran da ölkədə yaranmış xüsusi daxili iqtisadi və siyasi şərait səbəbindən, xüsusən də İranda çoxlu "azərilərin" yaşamasına və onların Azərbaycan Respublikası xalqı ilə yaxınlığına görə Azərbaycanla sərhəddə heç vaxt müharibə aparmayıb və aparmayacaq. Bu səbəbdən demək olar ki, İranla Azərbaycan arasında fikir ayrılıqları dərin olsa da, bunun müharibəyə çevrilməsi ehtimalı azdır..."

Milli.Az