FTX kriptovalyuta birjası iflas olduğunu elan edib

11 Noyabr 2022 23:21

Böyük kriptovalyuta birjası olan FTX likvidlik böhranı ilə üzləşdiyindən ABŞ-da iflas olduğunu elan edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə şirkət tviter səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, FTX-nin təsisçisi və baş direktoru Sem Benkmen-Frid baş direktor vəzifəsini tərk edir və onun yerini müvəqqəti olaraq Con Cey Rey tutacaq.

Sem Benkmen-Frid kriptosənayenin nüfuzlu adamlarından biri, Vaşinqtonda kriptovalyutalar üçün qaydaların formalaşması üçün lobbiçilik edən güclü fiqur hesab olunur. Onun sərvəti son bir həftədə 1 milyard dollardan da aşağı səviyyəyə düşüb.

FTX-nin problemləri noyabrın əvvəlində, "CoinDesk" portalının araşdırmasında birjanın ödəniş qabiliyyətli olmadığını elan etməsindən sonra başlayıb. Bunun ardınca vəsaitlərini itirməkdən qorxan investorların reaksiyası özünü çox gözlətməyib - token sahibləri kütləvi şəkildə pullarını birjadan çıxarmağa başlayıblar.

Ümumilikdə, FTX 8 milyard dollar borc alıb və rəhbərlik likvidliyi qorumaq üçün vəsait tapa bilməyib. Bu hadisə 2022-ci ildə sənayedə ən böyük iflas olub.

Milli.Az