Biz Peyğəmbərdən ﷺ ildırımın baş verməsinin həqiqəti haqqında hədislərin olduğunu qəbul edirik. Bunlardan ən məşhuru İbn Abbasın (رضي الله عنهما) hədisidir: Yəhudilər Peyğəmbərin ﷺ yanına gəlib dedilər: "Ey Qasimin atası, bizə ildırımdan xəbər ver, o nədir elə? (Peyğəmbər ﷺ) dedi: "Buludların öhdəçiliyini üzərinə götürmüş mələklərdən birinin atəşdən bir aləti var, onunla buludları Allahın istədiyi tərəfə itələyər. (Yəhudilər) dedilər: Bizim (ildırım çaxdıqda) eşitdiyimiz səs nədir bəs? (Peyğəmbər ﷺ) dedi: "(Mələyin) Təyin olunmuş yerə çatana kimi buludları qovmasıdır (yəni, o yerə çatdıqda bu ildırım səsi çıxır)". (yəhudilər) dedilər: Doğru dedin". (ət-Tirmizi. 3042. Nəsai. 1/378).
Alimlər bu hədisin hökmündə ixtilaf etmişlər. Səhih odur ki, bu hədis (hədis elminə görə) zəifdir, və bu hədisin Allah Elçisinə ﷺ nisbəti sabit deyil. Çünki, bu hədisi yalnız Bukeyr ibn Şihab əl-Kufi (tabeinlərdən olan) Səid ibn Cubeyrdən rəvayət edib, bu şəxs isə dabtda (yəni: rəvayəti həssaslıqla qorumaqda) qüvvətli bir şəxs deyil (Mizzi. Təhzibul-Kəmal. 1/378). Səid ibn Cubeyrin özünün etibarlı (mötəbər) tələbələrinin onun özündən bu rəvayəti etməmələri, yalnız bu şəxsin Səiddən bu rəvayəti etməsi onun rəvayəti qorumadan nəql etməsinə dəlildir. Əbu Nueym bu müşkül məqamı bu hədisə qeyd edərkən işarə edərək bildirmişdir: "Bu hədisin Səid ibn Cubeyrdən (nəql edilməsi) qəribdir. Bunu yalnız Bukeyr rəvayət etmişdir". (Hilyətul-Əuliyə. 4/305).
(Qeyd: " qərib" (ğarib) غريب sözü Mustalah əl-Hədis elmində xüsusi bir termindir. Mənası: Yalnız bir şəxsin rəvayət etdiyi, xüsusən də mənasının heç bir hədis mətnində və ya isnadında keçmədiyi rəvayətə deyilir. Tək ravilərdən rəvayət olunan bütün rəvayətlər hədis elminə görə ğarib (qərib) hədis hesab olunmur).
Böyük hədis alimi imam Buxari də işarə etmişdir ki, bu rəvayətçi, bu hədisin peyğəmbərə ﷺ nisbət edilməsində xətaya yol vermişdir, doğru olan isə bu rəvayətin İbn Abbasın öz sözü olmasıdır. (Tarixul-Kəbir. Buxari. 2/114).
İkinci məsələ: İslam alimləri ildırımın həqiqətində ixtilaf etmişlər. Əksər alimlər demişlər ki, ildırım çaxması mələklərin buludları qovması nəticəsində baş verir. Bu rəy bir çox səhabələrdən rəvayət edilmişdir: Əli ibn Əbi Talib, Abdullah ibn Amr, Əbu Hureyrə və s. Bəzi alimlər isə demişlər ki, ildırım buludlarda boğulan küləkdir (oksigen çatışmazlığından yaranan boğulma) ki, bunun nəticəsində eşitdiyimiz (ildırım, şimşək çaxması) səsi ortaya çıxır. (İbn Cərir ət-Təbəri. Cəmiul-Bəyan fi təfsiri Əy əl-Quran. 1/238; Bəğavi. Məalimut-Tənzil. 1/70; Səm'ani. Təfsirul-Quran. 3/83; İbn Atiyyə. əl-Muharrar əl-Vaciz. 1/89).
Bu izah ilk dəfə 12 əsr öncə verilmişdir. Bu rəylərin yeni deyil, qədim rəylər olması, hələ o vaxtdan İslam alimlərinin bu haqda görüşlərinin ən qədim və məşhur təfsir kitablarında verilməsi bu məsələnin İslam alimləri arasında mütləq görüş olmamasını, alimlərin elmi mövzuları necə incələdiklərini, araşdırmaya necə həris olmalarını göstərir.
Biz istər İslam alimlərinin birinci görüşünü deyək, istər də ikinci görüşünü deyək, bu, bəzi İslam alimlərinin zənninə görə olan ictihadlar olacaqdır. Sonra kimsə bunu İslamın mütləq görüşü olaraq qələmə verməsi də doğru sayıla bilməz, nə də bu dəlillərin xətadan xali olduğunu deyə bilməz. Ortada mötəbər bir hədis yoxdursa, bu İslamın görüşü kimi irəli sürülə bilməz.
Üçüncü məsələ: Əgər fərz etsək ki, şəri dəlillər ildırım səsinin buludlarda əmələ gələn mələk səsi olmasına dəlalət edir, bu, buludların bir-birinə toqquşmasına, onlar arasında havanın təziqə düşməsinə ziddiyyət təşkil etmir. Bu ona görədir ki, təbii səbəblə qeybi səbəb arasında ziddiyyət yoxdur. Ola bilsin ki, bir şey üçün bir çox səbəblər olsun, bəzi səbəblər bizə məlum olan təbii səbəblərdən ibarət olsun, bəzisi isə yalnız sadiq xəbər (vəhydən gələn) qeybi səbəblərdən ibarət olsun.
Şeyxülislam İbn Teymiyyə (رحمه الله) bu həqiqətə əsrimizin müasir elmindən öncə işarə etmişdir. O, ildırım haqqında qeyd olunan hədisi gətirdikdən sonra belə deyir: "Sələflərdən buna müxalif olmayan sözlər rəvayət edilmişdir. Bu sözlər kimi: bulud cismlərinin hava kütləsinin təziqi səbəbilə orada toqquşması da buna müxalif deyildir. (diqqət edin, 7 əsr öncə İslam alimi nələr danışır, sonra isə belə deyir) çünki, "raad" (رعد - yəni - ildırım, şimşək - ərəbcə) ra'adə, yər'udu, ra'dən (رعد يرعد رعدًا) sözünün məsdəridir. Həmçinin, الراعد "raid" də "raad" adlanır. Necə ki, العادل "adil" عدلا "adlən" adlanır. Hərəkət səsin yaranmasını gərəkli edir. Buludları hərəkətə gətirən və bir yerdən başqa yerə daşıyan (qüvvə) mələklərdir, ülvi və süfli aləmdə baş verən bütün hərəkətlər (tərc: yerdə və göydə baş verən mühüm və təbiət tərəfindən baş verdiyi güman edilən hərəkətlər) mələklər tərəfindən baş verir. İnsanın səsi də iki dodaq, dil, dişlər, dilçək, boğaz cismlərinin toqquşması ilə əmələ gəlir. Bununla yanaşı (insan səsi) Rəbbini zikr etməyə, yaxşılığı əmr etməyə, pisliyi qadağan etməyə qadir olur, deməli, ildırım da buludları qovan mələyin səsi ola bilir". (Məcmu'ul-Fətə'va. İbn Teymiyyə. 24/263).
Dinlərə etiraz edənlərin metodoloji yanlışları budur ki, onlar daima təbii səbəblə qeybi səbəb arasında ziddiyyət olduğuna inanırlar, sonra isə təcrübi elmin dinə zidd olduğunu iddia edirlər.
Qeyd: Əsas mənbə olaraq ظاهرة نقد الدين في الفكر الغربي الحديث kitabından geniş istifadə edilmişdir. Müəllif: Dr.Sultan ibn Əbdür-Rəhman əl-Umeyri. (2/513).
Milli.Az