Aygün Kazımova: "Nədir, elə bilirdiniz, çılpaq qalacaqdım?" - FOTOSESSİYA
13 Aprel 2012 13:49
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımovanın başı qovğalardan və qəfil problemlərdən əskik olmur.
Milli.Az xəbər verir ki, sonuncu dəfə Naxçıvanda konsert verərkən o, arzuolunmaz hadisədən sığortalana bilmədi. Əslində, baş verənlər əməkdaşımızın fotokamerasından yan keçməmişdi.
Səhnədə bir-birinin ardınca mahnılarını oxuyan müğənni hər an nəyinsə baş verəcəyindən sanki özü də duyuq düşmüşdü. Və bu da gözlənilməz məqam: Aygünün aşırma yubkasının düymələri qırılır. Çətin situasiyalardan məharətlə çıxmağa alışan Aygün xanımın hansı addım atacağı bizə də maraqlı idi. Bu an səhnəyə onun prodüseri Tolik çıxdı.
Məlum oldu ki, sən demə, 4 düyməli uzun yubkanın cəmi bir düyməsi "etibarlı" çıxıb. Çaşqınlıq özünü göstərsə də, müğənni ifasını yarımçıq kəsmədi. Tolik salamat qalan düyməni bağlaya bilmədiyi üçün bu dəfə köməyə konsertin aparıcısı Nanə Ağamalıyeva yetişdi. Vurğuladığımız kimi, hər şey bir anın içində baş verirdi və bu səbəbdən də xalq artisti oxuduğu "Nankor" mahnısını yarıda kəsməyi lazım bilmədi.
Nəticə ürəkaçan oldu. Düymə bağlanır, sürəkli alqışlarla nəyin baş verdiyini öyrənmək istəyən tamaşaçılarına Aygün xanımdan cavab gəlir:
"Nədir, elə bilirdiniz, yubkam əynimdən düşsəydi, çılpaq qalacaqdım? Xeyr, əzizlərim. Ehtiyatımı artıqlaması ilə etmişəm. Mən yubkanın altından nənəmin tumanlarından birini geymişdim (gülür). Əsas odur ki, qanqaraçılıq olmadı. Və sizin üçün oxuyuram".
"Ulduzun başına iş gələr" devizini rəhbər tutaraq çəkdiyimiz şəkilləri sizə təqdim edirik.
Şahin Cavadsoy
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar müəllifindir