Azərbaycan və San-Marino arasında turizm əlaqələrinin inkişafına dair saziş imzalanıb

12 Aprel 2012 13:57
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə San-Marinonun Turizm, İdman və İqtisadiyyat Nazirliyi arasında turizm əlaqələrinin inkişaf etdirilməsi üzrə saziş imzalanıb. Trend-in məlumatına görə, sənəd Bakıda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və San-Marinonun turizm, idman və iqtisadiyyat naziri Fabio Berardi arasında imzalanıb.

Sazişin imzalanması mərasimində çıxış edən Əbülfəs Qarayev bildirib ki, San-Marino kiçik ölkədir. Buna baxmayaraq, İtaliyaya gələn turistlərin 50 faizi San-Marinonu da ziyarət edir.

Nazir deyib ki, San-Marinonun xarici siyasəti onun Azərbaycanla turizm əlaqələrinin genişləndirilməsini dəstəkləyir.

Fabio Berardi isə bildirib ki, turizm sahəsi San-Marinonun inkişaf etmiş sahələri üzrə üçüncü yerdədir. O hesab edir ki, bu saziş San-Marinonun Azərbaycanla turizm əlaqələrinin yaradılmasına yol açacaq.

Milli.Az