Bakıda Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin 2012-ci il konfransı keçirilir - YENİLƏNİB - FOTO
12 Aprel 2012 16:30
16:30
AzərTAc xəbər verir ki, aprelin 12-də Bakıda Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin 2012-ci il konfransı işinə başlamışdır.
Tədbiri giriş sözü ilə Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov açmışdır. O, iştirakçılara Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra keçdiyi tarixi yol barədə məlumat vermişdir.
Dünya Gömrük Təşkilatının Avropa Regionunun sədr müavini, Norveç Gömrük və Aksiz İdarəsinin direktoru Bjorn Rose tədbirin əhəmiyyəti barədə məlumat verərək demişdir ki, Dünya Gömrük Təşkilatının ikinci belə mötəbər tədbirinin Azərbaycanda keçirilməsi təqdirəlayiqdir.
Dünya Gömrük Təşkilatının illik hesabatını və cari ildə görüləcək işlər barədə məlumatları isə qurumun baş katibi Kunio Mikuriya diqqətə çatdırmışdır. Bildirilmişdir ki, cari dövr ərzində qurumun qarşısında duran əsas məsələ dünyada gömrüyün yeni strategiyasının formalaşdırılmasıdır. Bu strategiya 5 istiqamət üzrə qurulacaq və əsasən, risk faktorlarını ehtiva edəcəkdir. Qanunsuz ticarət və qaçaqmalçılıqla mübarizə sahəsində qüvvələrin birləşdirilməsinə xüsusi diqqət yetiriləcəkdir.
Konfransda Rusiya Federal Gömrük Xidmətinin Regional Kinoloji Təlim Mərkəzinə dair təqdimat keçirilmişdir.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Makedoniya Respublikası Gömrük İdarəsi arasında əməkdaşlıq barədə Saziş imzalanmışdır.
Konfrans işini aprelin 13-də yekunlaşdıracaqdır.
----------
12:19
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyəti ölkədə iqtisadi uğurlara nail olunmasına böyük töhfə verib.
Foto: AzərTAc