Xankəndi mitinqinə gələnlərə nə qədər pul verilib?

31 Oktyabr 2022 12:06

Xankəndidə Ermənistan siyasi camiəsinin təşkil etdiyi mitinqə gələnlərə pul paylanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə bildirilib.

Qeyd edilib ki, bir müddət əvvəl Xankəndiyə köçən rusiyalı milyarder Ruben Vardanyan mitinqin çoxminli olması üçün xeyli xərcə düşüb. Belə ki, o, Xankəndidən kənarda olanların öz maşını ilə mitinqə qatılması üçün 8 litr pulsuz benzin verib, Ermənistandan gələnlərə isə 50 dollar mükafat ayırıb.

Proses isə bu cür həyata keçirilib: ətrafdan gələnlər Xankəndiyə çatmamış yanacaqdoldurma məntəqələrində 8 litr benzini pulsuz ala biliblər. Bunun üçün yanacaqdoldurma məntəqələrinə Vardanyan əvvəlcədən sifariş verib.

Ermənistandan avtobusa doldurulub gətirilənlər isə Laçın dəhlizinə daxil olduqdan sonra salondaca "mükafat"larını alıblar.

Həmçinin mitinq iştirakçılarının su və qida ilə təminini də Ruben Vardanyan öz üzərinə götürüb.

Qeyd edək ki, Qarabağ ermənilərinə yardım üçün Xankəndiyə göndərilən Ruben Vardanyan aktiv siyasi fəaliyyətlə məşğuldur. O, separatçıların "ikinci adamı" - "dövlət naziri" olmaq təklifini də qəbul edib və 1 noyabrdan "vəzifəsinin" icrasına başlayacaq.

Bəzi iddialara görə, separatçıların lideri Araik Arutyunyan bütün səlahiyyətləri Vardanyana ötürərək, aradan çıxmağın yollarını axtarır.

Ruben Vardanyanın isə "Rusiya layihəsi" olduğu, Rusiyanın sifarişlərini yerinə yetirmək istiqamətində çalışacağı bildirilir.

Milli.Az