Əliyev-Putin-Paşinyan görüşü ərəfəsində separatçı dəstə başçısı Moskvaya çağırılıb...

28 Oktyabr 2022 10:17

Qarabağdakı terrorçu rejimin başçısı Arayik Arutyunyan Rusiyaya gedib. Baş terrorçunun hansı məqsədlə Rusiyaya səfər etməsi, kimlərlə görüşəcəyi haqda məlumat verilmir.

Bununla yanaşı, bildirilir ki, A.Artyunyanın Ruben Vardanyana "artsaxın dövlət naziri" vəzifəsini tutmaq təklifi verdikdən sonra onun gələcək fəaliyyəti ilə bağlı Rusiyanın siyasi elitası ilə müzakirələr aparmaq zərurəti yaranıb.

Rusiyada gözlənilən üçtərəfli görüş ərəfəsində Arutyunyanın Moskvaya  səfəri hansı məqsədi daşıya bilər?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, son dövrün siyasi arenasında Ermənistanın Rusiyadan qopmaq istəməsi və Qərbə meyl etməsi aydın görünür: "Buna səbəb 13-14 sentyabr təxribatı ilə bağlı Ermənistan siyasi rəhbərliyinin KTMT-ni çağırması oldu. KTMT isə ora qoşun yox, nümayəndələrini göndərdi. Guya  Ermənistan ərazisinə  keçən Azərbaycan ordusu ilə mubarizədə KTMT  Ermənistana lazımi kömək etmədiyi üçün KTMT-dən  çıxmağı belə düşünürlər. Bunu Ermənistandan, Amerika və Avropa İttifaqı da daxil olmaqla, Qərb də tələb edir. Çünki Ermənistan Baş naziri və onun ətrafında olan nazirlər Soros  Fondunun yetişdirmələridir. Paşinyan hakimiyyətə gələndə Qərbyönümlü siyasət aparmaq istəyirdi. Ancaq bildiyimiz kimi, Ermənistan bütövlükdə Rusiyadan asılıdır. Energetikası, dəmir yolu, iqtisadiyyatının 75 faizi rusların əlindədir, sərhədlərini ruslar qoruyur. Ona görə də, birdən-birə Rusiyanın caynağından qopmaq Ermənistan üçün asan deyil. Lakin hazırda bu yöndə Amerika xüsusi işlər aparır. Bildiyimiz kimi, Ermənistandakı Amerika səfirliyinin 2000-ə qədər əməkdaşı var. Onların çoxu da Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır. Onlar  ciddi iş aparırlar ki, Ermənistanı Rusiyadan qurtarsınlar. Bu tezliklə alınan məsələ deyil. Hazırda Rusiyanın gücü nisbətən zəifləsə belə. Rusiya Ukraynada müharibə aparir. Bu müharibə onu çox zəiflədib. İqtisadi cəhətdən sanksiyalara məcbur qalıb. Belə bir vaxtda Rusiyadan qopma prosesinin alınıb-alınmayacağı hələ məlum deyil. Rusiya nə qədər zəif olsa da, Ermənistanı asanlıqla buraxmaq istəmir. Bu nöqteyi-nəzərdən də, Azərbaycan-Ermənistan münaqişəsinin normallaşdırılmasına, Avropa ittifaqının sədri Şarl Mişelin apardığı işdən əlavə, Rusiya da öz töhfəsini vermək istəyir. Bu görüşlərdən sonra həmişə Rusiya münaqişənin nizamlanmasında öz rolunu qabartmaq istəyir. Artıq bildiyimiz kimi, sülh müqaviləsinin bağlanması üçün mətnin hazırlanması prosesi gedir. Avropa İttifaqının nümayəndələri gəlib sərhədin delimitasiyasında iştirak edirlər. Paşinyan da bəyanat  verir ki, ilin sonuna kimi bu sülh müqaviləsini imzalamağa çalışacağıq. Belə bir anda Putin Ermənistan Baş naziri ilə Azərbaycan Prezidentini Soçiyə görüşə dəvət edir. Eyni zamanda, Ermənistanın Rusiyadan qopmaq istədiyi bir dövrdə və Azərbaycanın ərazi bütövlüyünü süni tanıdıqdan sonra Qarabağda olan separatçı rejim daha çox  Moskvaya ümid edəcək. Çünki orda çalışan Arayik Artunyan və onun dəstəsi Moskva ilə, oranın xüsusi xidmət orqanları ilə bağlı adamlardır. Sentyabrda erməni əsilli Ruben Vardanyan Qarabağa gələrək, öz xalqını dirçəldəcəyi ilə bağlı məlumatlar verdi. Təbii ki, burada görünməyən məsələlər var. Ancaq bizim anladığımız, analiz etdiyimiz məsələlər var ki, Ruben  kimdir? Ruben Vardanyan 80-ci illərin sonlarında Rusiyaya getmiş bir adamdır. Və orada bisneslə məşğul olub, bu gün isə milyarderdir. Başqa bir dövlətdən gəlib Rusiyanın mərkəzində milyarder olmaq asandırmı? Xeyr, qətiyyən. Ruben Vardanyan Moskvada fəaliyyət göstərdiyi dövrdə Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilir. Onun bisnesmen kimi yetişdirlməsinə, varlanıb milyonlar qazanmasına şərait yaradılıb. Rusiya xüsusi xidmət  orqanlarının dəstəyi olmasa, heç kəs gedib orada milyonlar qazana bilməz. Bunu hamı bilir".

Siyasi şərhçinin sözlərinə görə, Rusiya xüsusi xüsusi xidmət orqanları ilə əlaqəsi olan Arayik Artunyan, Ruben Vardanyan Rusiyanın müəyyən dairələri tərəfindən təlimatlandırılaraq Qarabağa göndərilir: "Son  dövrlərdə orada rusların yaşamamasına baxmayaraq  rus icması yaranır. Qarabağ uğrunda yeni bir münaqişə ocağı yaranır. Vardanyanın ora gəlməsi də Rusiyada olan müəyyən siyasi qüvvələrin işidir. Artıq  məlumdur ki, Vardanyan "dövlət naziri" vəzifəsini tutmaq haqqında razılığını verib. Moskvada Arutunyanla onlar görüşəcəklər. Onların orda əlavə kimlərlə görüşəcəyi bilinməsə də, deyilməsə də, mən başa düşürəm ki, onlar Rusiyanın müəyyən hərbi siyasi dairələrinin əməkdaşları ilə görüşüb, təlimat alacaqlar. Gələcək planları orada təsdiq olunacaq. Bütün bunlardan sonra da fəaliyyətə başlayacaqlar. Məlumdur ki, Vardanyan noyabrın 4-də "dövlət naziri"  vəzifəsini tutacaq, həmin gündən də işə başlayacaq. Onun fəaliyyəti isə yenə də Rusiyanın diqtəsi ilə aparılacaq. Ona görə də, belə bir dövrdə, oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüş əslində Arutunyanın Moskva səfəri, Vardanyan və  Rusiyanın müəyyən adamları ilə görüşməsi Azərbaycanın apardığı haqq işinə yenidən badalaq vurmaq təşəbbüsləridir. Biz nə etməliyik? Sülh yolu ilə sərhədlərimizin dəqiqləşməsi  bitdikdən sonra, biz Xankəndidə qalan və Azərbaycan vətəndaşlığını  qəbul edən ermınilərlə  lazımı işləri aparacağıq. Mən bilirəm ki, həmin dövrə kimi Azərbaycan ərazisində olan silahlı erməni birləşdirilmələri çıxarılacaq. Çıxarılmasa, biz öz ərazimizdə antiterror tədbirləri həyata keçirib, onları zərərləşdirəcəyik. Azərbaycan öz ərazisində qayda-qanunu bərqərar edəcək. Bu yaxın perspektivdə olunacaq işlərdir. Ancaq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qarşı olan qüvvələr var. Bu qüvvələr də öz fəaliyyətlərini göstərirlər. Gözləyək, görək oktyabrın 31-də Soçi görüşünün  və noyabrda Brüsseldə baş verəcək görüşlərin nəticələri necə olacaq".

Milli.Az