Bu, ölkələrimiz üçün önəm kəsb edir - PA rəsmisi

27 Oktyabr 2022 10:56

Audioviziual medianın tənzimlənməsi sahəsində təcrübələrin bölüşdürülməsi ölkələrimiz üçün önəm kəsb edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə bu gün Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında deyib.

E.Vəlizadə qeyd edib ki, bu sahələrdə əməkdaşlıq dövlətlərimizdə baş verən hadisələr barədə geniş ictimaiyyətə düzgün məlumat çatdırmağa xidmət edəcək.

Azərbaycanda audiovizual sahənin tənzimlənməsində təcrübənin mövcud olduğunu diqqətə çatdıran E.Vəlizadə vurğulayıb ki, Azərbaycan regionda rəqəmli televiziyaya keçid etmiş ilk ölkələr sırasında olub.

"Yeni qəbul olunmuş "Media haqqında" qanun beynəlxalq təcrübələrə uyğundur və medianın tərkib hissəsi olan audiviziual sahədə də tənzimləməni əhatə edir. Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlıq inkişaf etməkdədir. TDT-yə üzv olan dövlətlər arasında da bu əməkdaşlığın inkişaf etdirilməsi əsas məqsədlərdən biridir", - deyə o əlavə edib.

Milli.Az