Stiven Allen: “YUNİSEF Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

12 May 2010 15:30
Bu sözləri ölkəmizdə səfərdə olan YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru Stiven Allen Milli Məclis sədrinin müavini Valeh Ələsgərovla görüşdə deyib. Onun sözlərinə görə, bu imkan və resurslardan istifadə etməklə uşaqların sosial müdafiəsi sahəsində ehtiyac duyulan müəyyən işləri reallaşdırmaq mümkündür.

YUNİSEF-in nümayəndəsi Azərbaycan parlamentinin qanun yaradıcılığı prosesini və qanunvericilik bazasının təkmilləşməsini, beynəlxalq konvensiyaları təsdiq etməsini yüksək qiymətləndirib, Milli Məclisdə duzun yodlaşdırılması, ana südü və uşaq hüquqları ilə bağlı qəbul etdiyi bəzi qanunların BMT-də və MDB-də model qanun kimi qəbul olunmasını, Yuvenal Ədliyyə ilə bağlı görülən işlərin təqdirəlayiq olduğunu bildirib.

YUNİSEF-in regional direktoru Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlardan danışarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bu sahəyə böyük diqqət göstərməsinin beynəlxalq təşkilatların, xüsusilə də YUNİSEF-i bu istiqamətdə çalışmağa daha da həvəsləndirdiyini qeyd edib. O deyib ki, YUNİSEF Azərbaycan hökuməti ilə bundan sonra da sıx əməkdaşlıq etmək arzusundadır və bunun üçün bütün lazımi addımlar atmağa hazırdır.

Qonaq qeyd edib ki, iyun ayında YUNİSEF-də ayrı-ayrı ölkələr üzrə hazırlanmış xüsusi proqramlar müzakirə olunacaq. Azərbaycan ilə bağlı xüsusi proqram vardır. Səfərin əsas məqsədi də Azərbaycanda görülən işləri, mövcud problemləri müzakirə etmək və müvafiq təklifləri nəzərə almaqdır.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov xeyirxah missiya ilə məşğul olan humanitar təşkilat - YUNİSEF-lə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O deyib ki, Azərbaycanda qanun yaradıcılığı və icra sahəsində uşaqların sosial müdafiəsi, mükəmməl təhsil alması, hüquq və mənafelərinin qorunması üçün bütün zəruri addımlar atılır, müxtəlif dövlət proqramları həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondunun da böyük dəstəyi var: "Bütün işlər isə Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu, bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğu bir şəraitdə reallaşır. Əgər Azərbaycanın bu problemi olmasaydı səhiyyə, təhsil, sosial müdafiə sahəsinə ayrılan dövlət vəsaitinin həcmi daha çox ola bilərdi. Ölkənin imkanları artdıqca bu istiqamətdə ayrılan maliyyə vəsaitlərinin həcmi də çoxalacaq".

Görüşdə iştirak edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynov, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ayrı-ayrı sahələr üzrə hazırlanan qanun layihələri barədə məlumat veriblər.

/AzərTAc/