Prezident İlham Əliyev İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınır:
-"İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
- Müəyyən edilsin ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (bundan sonra - Agentlik) nizamnamə fondu 100 000 (bir yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
- Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;
- bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
Milli.Az