İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi təsdiqləndi

21 Oktyabr 2022 17:18

Prezident İlham Əliyev İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında" 2018-ci il 6 noyabr tarixli 325 nömrəli, "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2019-cu il 22 fevral tarixli 545 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alınır:

- "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi qaydasını altı ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, müəyyən etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

- dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələbləri üç ay müddətində təsdiq etsin;

- Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

- bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

"Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 325 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2238) 2-ci və 3-cü hissələri ləğv edilsin.

"Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli

545 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 244; 2020, № 4, maddə 398) aşağıdakı dəyişikliklər edilsin:

- 1-3-cü hissələr ləğv edilsin;

- 4.5-ci bəndə və 6-cı hissəyə "innovasiya fəaliyyətinə" sözlərindən əvvəl "rəqəmsal inkişafa və" sözləri əlavə edilsin;

- 5.1-ci bəndə "innovasiya fəaliyyətinin" sözlərindən əvvəl "rəqəmsal inkişafın və" sözləri əlavə edilsin.

Milli.Az