Oktyabrın 16-da İctimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn rinq"in növbəti verilişi baş tutub.
Sayca iyirminci mövsümdür davam edən oyunların dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. On ildir ki, davam edən oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Ən önəmli olan faktor odur ki, hər mövsümdə yarışmaya maraq durmadan artır və bunu da sübut edən komanda sayının çoxalmasıdır. Budəfəki yarışmaya 20-yə yaxın komanda qoşulub. Və qalib komanda "Bilik" kubokundan başqa pul mükafatı da alacaq. Onlara "Kapital bank"ın 3 min manat mükafatı təqdim olunacaq. Elm və Təhsil Nazirliyi isə qalib komandaya planşetlər hədiyyə edir.
Beləliklə, ötən mövsümdəki nəticələrə görə, komandalar üç liqaya bölünüb. Favoritlər liqsasında Tibb Universiteti, "Gəncə" və "Nar" komandası var. Ən yaxşı göstərici ilə 8 balla "Gəncə" komandası liderdir. Yeddi ali məktəb arasında bir reytinq balına Gəncənin ADAU komandası malikdir. Axşamkı yarışda ilk olaraq yarışa "Bridge" komandası qoşulub və onlar rəqib kimi "Ağdaş" komandasını seçib. Gərgin və maraqlı gedən oyunda bir xal uğrunda yarışda komanda üzvləri yüksək intellektuallıqları ilə seçiliblər. Ən maraqlı olan keçən oyunda olduğu kimi bu dəfə ilk sualın məhz Şuşaya həsr olunması olub. Və bu suala düzgün cavab verən "Bridge" komandası irəli çıxmağa müvəffəq oldu. Sonrakı suala da düzgün cavab verməklə birinci oyundan uğurla çıxaraq qalib olub. Qalib komanda kimi isə özünə rəqib olaraq Göyçayın "Full" komandasını seçib. Onu da xüsusi qeyd etmək gərəkdir ki, bu dəfə yarışmanı ən maraqlı edən amillərdən biri də azarkeş dəstəyinin güclü olması idi.
Verilişdə xüsusilə "Bridge" komandasının üzvlərindən Tural Sultanovu xüsusi qeyd etmək lazımdır. Yüksək intellektuallıq nümayiş etdirən bu gəncin komandanın uğur qazanmasında əvəzsiz rolu oldu. Eyni zamanda Məzahir Səmədovu da bu sıraya daxil etmək lazımdır. Qeyd edək ki, qalib komanda Tibb Universitetini seçdi. Beləliklə, "Full" və "Bridge" komandaları arasında gedən gərgin və maraqlı yarışmada "Full" məğlub olaraq yarışı tərk etdi. Əsas və həlledici suala "Bridge" komandasının kapitanı Elnur Qasımzadə düzgün cavab verməklə komandasını qalib etdi. Bununla da "Bridge" favoritlər siyahısında yer almağa müvəffəq oldu.
Sonda vacib bir məsələni də qeyd etmək istərdik. Hörmətli "Breyn-rinq" izləyiciləri. Əgər siz də yarış həyəcanını hiss etmək istəyirsinizsə, onda hər həftənin birinci günü yazımızın sonunda qoyulacaq suala düzgün cavab verin və "Nar"ın xüsusi hədiyyəsini qazanın. Beləliklə, sual belədir.
1. 1990-cı illərdə futbol üzrə Azərbaycan çempionatında iştirak etmiş "Kür-Nur" klubu hansı şəhəri təmsil edirdi?
Cavablarınızı bu elektron ünvana göndərə bilərsiniz: [email protected]
Azər Nuriyev
Milli.Az