Niderlandın Kralı Villem-Aleksandrın böyük qızı Katarina-Amalia mafiyadan gələn təhdidlərə görə Amsterdam Universitetinin yataqxanasından qayıtmaq məcburiyyətində qalıb və o sarayda gizlədilib.
Milli.Az "Report"a istinadən bildirir ki, 18 yaşlı Niderland şahzadənin universitet şəhərciyindən Haaqadakı Heys-ten-Bos sarayına köçməsi kral ailəsinin nümayəndələri tərəfindən açıqlanıb. Oktyabrın 13-də İsveçə səfəri zamanı Niderlandın Kralı Villem-Aleksandr ölkəsində "çox çətin vəziyyətin" yarandığını bildirib.
Taxt varisinin cinayətkarlardan aldığı təhdidlərin mahiyyəti açıqlanmasa da, ölkə mətbuatı sentyabrın sonunda Katarina-Amaliyanın ciddi mühafizə olunduğunu yazıb.
Niderlandın Baş naziri Mark Rutte vəziyyətdən narahatlığını ifadə edib və onu "dəhşətli" adlandırıb.
Niderlandın 18 yaşlı şahzadəsi Katarina-Amaliyanın cinayətkar dəstələrin hədəfinə çevrilə biləcəyi faktı sentyabrda məlum olub. Sonra bildirilib ki, qız Avropada bütün kokain dövriyyəsinin üçdə birinə nəzarət edən Mərakeş cinayət sindikatı olan "Mocro Maffia" adlanan təşkilatın nümayəndələri tərəfindən qaçırıla bilər.
Milli.Az