Tiktokun idmançı qızı: “Nəinki evlilik, hətta sevgili təklifi edən də yoxdur” - FOTO

14 Oktyabr 2022 18:52

"Öz rəqibim elə özüməm. Hər gün daha yaxşı olmaq üçün özümlə mücadilə edirəm. Rəqib olaraq heç kimi görmürəm".

Milli.Az xəbər verir ki, bunu oxu.az-a müsahibəsində taekvondoçu Tulin Ələkbərova deyib.

Müsahibəni təqdim edirik:

- Tulin xanım, özünüz haqqında danışmağınızı istərdim. Necə oldu ki, bu idman növü ilə məşğul olmağa qərar verdiniz?

- Əvvəlcə onu qeyd edim ki, mənim əsl adım elə Tulindir. Bəziləri ləqəbim olduğunu düşünür. Lakin elə deyil. Mən 2004-cü ildə anadan olmuşam. Nadinc uşaq olduğuma görə dərslərimi oxumamışam. Bu səbəbdən ailəm məni idmana yönləndirib. 8 yaşından bəri bu işlə məşğulam. Türkiyədə yaşadığımıza görə elə ilk dəfə orada başlamışam.

- Ailənizin sizi idmana yönəltdiyini dediniz. Ən böyük dəstəkçiniz kim olub?

- Mənim ən böyük dəstəkçim elə ailəmdir. Bu sahədə də önəmli olan mənəvi dəstəkdir. Bu dəstəyi də hər zaman ailəmdən görmüşəm. Narazılıqları olmayıb. Həmişə arxa-dayağım olublar. Ailəm mən hara gedirəmsə, ardımca gəlir. Hər zaman yanımda olurlar.

Ən çox atam mənə dəstək olur. Zədə alıb geri qayıdanda anam dözə bilmirdi. Deyirdi ki, daha məşğul olma. Lakin atamın arzusu idi. Mənim qardaşım yoxdur. Atam məni oğlu kimi görürdü. Özü də karateçi olub. Lakin davam etdirməyib. Atam mənim irəli getməyimi çox istəyir. Ələkbərova soyadını ən çox tanıdan mən olmuşam. Halbulki "qız nədir, idman nədir?" deyirdilər.

- Yəqin ki, çox çətinliklərlə üzləşmisiniz. İlk başladığınız günü necə xatırlayırsınız?

- İdmana uşaq yaşlarımdan başlamışam. O günü xatırlamaq biraz çətindir. İlk vaxtlardan daha çox indi çətinlik çəkirəm. Zirvəyə qalxdıqca çətinliklər artır. Yaş artdıqca, böyüdükcə çətinliklər daha çox artır.

- İlk dəfə hansı medala layiq görülmüsünüz?

- Mən ilk olaraq karate ilə məşğul olmuşam. Daha sonra taekvondo, boks. İlk dəfə 2014-cu ildə Türkiyədə keçirilən karate üzrə yarışda çempion olmuşdum. İlk medal da karatedən olub. Daha sonra Azərbaycana gəldim. Burada taekvondoya yönəldim. 3 il milli komandamızın üzvü olmuşam. Sonra Türkiyəyə yenidən köçmüşük. Orada boksla məşğul olmuşam.

27 medalım var. 18-i qızıldır. İslam Həmrəylik Oyunlarında iştirak etmişəm. Təəssüf ki, orada yer tuta bilmədim. Amma demək olar ki, çox böyük təcrübə qazandıq. Taekvondo da Avropa çempionatında yer tuta bilməmişdim. 25-30 yarışdan 2-3-də məğlub olmuşam. Önəmli 8 yarışdan 1-də məğlub olmuşam.

- Çox gəncsiniz. 18 yaşınızı bu yaxınlarda qeyd etmisiniz. Elə an olub ki, bu sahəni tərk etməyi düşünmüsünüz?

- Elə bir idmançı yoxdur ki, bu halı yaşamasın. Hər bir idmançının əziyyətli, idmanı buraxmaq istədiyi vaxtları olub. Onların içində mən də varam. Amma hər zaman buraxmaq istədikdə özümü idmanın daha da içərisində görmüşəm. İdman məni buraxmadığı müddətdə mən buraxmaram. Kiməsə görə idmanı tərk etmərəm. Ağır zədəm olmasa, idmanı buraxmaram.

- Qohumlarınız sizə müdaxilə edibmi? İdmançı olmağınıza münasibətləri necədir?

- İlk başlarda hamısı atama "qız nədir, idman nədir?" deyirdi. İndi isə mənimlə fəxr edirlər. Bayrağı ucaltdığım üçün qürur duyurlar. Hər biri yalnız mənimlə fəxr edirlər.

- Heç sizə evlilik təklifi ediblərmi?

- 18 yaşım olmağına baxmayaraq, kənardan böyük görünürəm. Nəinki evlilik, hətta sevgililik təklifi edən də yoxdur. Sosial şəbəkədə yazırlar ki, sizi gördük, yaxınlaşa bilmədik, çəkindik. sizə yaxınlaşsaq, bizi döyərsiniz. Amma elə deyil. Rinqdə vəhşi oluram. Amma kənarda xanım olmağı da bacarıram. Sataşmaq niyyəti olmayanla normal münasibət qura bilərəm. Xoş davranıram. Buradan demək istəyirəm ki, mən canavar deyiləm.

Evlilik təklif edən olmayıb. Hələ ki, karyeramı düşünürəm. Ümumiyyətlə idmançı qız olduğuma görə həyatımda heç kəs yoxdur. Gələcək zamanda olsa, o da idmançı olacaq. Ya hörmətlə qarşılayıb dəstək olacaq, birlikdə idman edəcəyik, ya da olmayacaq. Kiməsə görə idmandan xətt çəkmərəm.

- Özünüzə rəqib olaraq kimisə görürsünüzmü? Elə olub ki, rəqibinizdən ehtiyat etmisiniz?

- Öz rəqibim elə özüməm. Hər gün daha yaxşı olmaq üçün özümlə mücadilə edirəm. Rəqib olaraq heç kimi görmürəm. Yarış öncəsi bizə rəqiblərimiz tanıdılır. Bilirik ki, kimlə görüşəcəyik. Xoş əhvali-ruhiyyə ilə yarışa qatılıram. Sanki istirahətə gedirəm. Rinqə girənə qədər həyəcanım olmur. Qorxmamışam. Bu günə qədər çəkindiyim heç kim olmayıb. Nə qız, nə də oğlan.

- Ən yaddaqalan yarışlarınızdan danışmağınızı istərdim. Çox ağır zədə aldığınız yarış yəqin olub.

- Türkiyədə ilk önəmli döyüşüm olmuşdu. O, özümü idman cəmiyyətinə tanıdacağım bir görüş idi. Çox yaxşı keçdi. Ən yaddaqalan yarışım oldu. Qalib gəldim.

Zədələrim çox olub. Ayağımdan zədə almışdım. 3 ay yeriyə bilməmişəm. Hazırda çiynim zədəlidir. Əməliyyat olunmalıyam. Lakin təəssüf ki, idman etməyə məcburam. Yarışların birində canlı yayım zamanı çiynim çıxıb. Özüm yerinə salmışam. Lakin həmin yarışdan qalib oldum. Ciddi zədələrimiz var. Ümid edirəm ki, keçib, gedəcək. İki yerdən burnum sınıb. Qızlar yox, oğlanlar tərəfindən olub. İdmandır, elə bir zərbə alarsan ki, ömürlük şikəst qala bilərsən.

- İştirak etdiyiniz yarışlardan bir neçəsində məğlub olduğunuzu dediniz. Sizin üçün ən sarsıdıcı hansı olub?

- Məğlubiyyət çox ağırdır. Qəbullanmaq çətindir. Mən məğlub olanda çox pis oluram. Hər biri təsir edir. İslam Həmrəylik Oyunlarındakı məğlubiyyət məni çox sarsıtdı. Çox yaxşı hazırlaşmışdım. Yer tuta bilmədiyim üçün pis oldum. Vətənə qayıdanda qalib olanları çiçəklərlə qarşılayanda biz kənarda qaldıq. O məqam da çox təsir etdi. Önümüzə yarış çıxanda özümüzü toparlayıb yarışa hazırlanırıq. Orada iştirak etmək qürurvericidir. Çox istəyərdim İslam Həmrəylik Oyunlarını qələbə ilə qazanım. İnanıram ki, gələcəkdə daha böyük nailiyyətlər əldə edə bilərəm.

- Bir yarışa hazırlaşmaq üçün nə qədər vaxt sərf edirsiniz?

- Yarış öncəsi bir ay milli komandanın məşqləri başlayır. Gündə iki dəfə səhər-axşam məşqləri olur. Hər məşqimiz 2 saat çəkir. 2 gün qalmış məşqlər tamam saxlanılır ki, əzələlərimiz dincəlsin. Hazırda Avropa çempionatına hazırlaşırıq. Gündə iki dəfə məşqlərimiz olur.

- Tulin xanım, müəllim kimi fəaliyyət göstərmisinizmi? Sirr deyilsə, gəlirinizi bilmək olar?

- Heç yerdə işləmirəm. İdmandan davamlı olaraq heç bir gəlirim yoxdur. Ümid edirəm ki, gələcəkdə nəsə olacaq. Əvvəllər tələbələrim olub. İndi də yazılmaq istəyənlər var. Fitnes dərsləri də demişəm.

- Diqqətimizi qolunuzda olan döymə çəkdi. Onun idmanla əlaqəsi varmı?

- Çiynimdəki döymənin də mənası var. Çiynimdə zədə var. Onu unutmamaq üçün etdirmişəm. Bu idmanın zədəsini də sevirəm. Hər zaman mənimlə qalacaq. Bəlkə də daha çox böyüyəcək. Ona baxdığımda pis olmuram. Çünki zədəsi belə mənə əzizdir. Döymədə şimşək çaxması təsvir olunub.

Digər bir döymə ləqəbimlə bağlıdır. Ləqəbim "hörümçək qız"dır (Spider Girl). Bu ləqəbi mən seçməmişəm. Ətrafımdakılar bunu mənə layiq görüblər. Anlamı da var. Hörümçək qız vəhşətin simvoludur.

- Bundan sonrakı planlarınız nədir?

- Önümüzdə Avropa çempionatı var. Bir ay vaxt var. Orada qələbə qazanacağımız günü gözləyirik. Daha sonra Türkiyədə yarışlara davam edəcəyəm. Türkiyəyə köçsəm, müəllimliyi davam etdirməyi düşünürəm. Ən böyük arzum tanınmış idmançı olub daha da zirvələrə qalxmaqdır. Diləyim Avropa çempionu olmaqdır. Qismət olar bəlkə də.

Milli.Az