Birləşmiş Millətlər Model Konfransı

13 Oktyabr 2022 10:15

8-9 Oktyabr tarixində Avropa Azərbaycan Məktəbində (AAM)  Birləşmiş Millətlər Model  Konfransı keçirildi. EASMUN adlanan konfrans ingilis dilində təhsil alan 8 və 12-ci sinif şagirdləri üçün açıq idi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Avropa Azərbaycan Məktəbinin orta məktəb direktoru Linda Tompson bütün nümayəndələri salamladı və konfransdakı işlərində onlara uğurlar arzu etdi.

Birləşmiş Millətlər Təşkilatı nümayəndəsi Amanda Orpana konfransın açılışında iştirak edərək bütün ölkə nümyəndələrini salamladı və tələbələrə uğurlar arzu etdi. Amanda O. real BMT konfranslarının məqsədlərini hər kəsə izah edərək konfransın ümumi konsepsiyası haqqında danışdı.

EASMUN təşkilatçıları da öz növbəsində çıxış edərək konfrans barədə düşüncələrini bölüşdülər.

Konfrans bütün namizəd tələbələri AAM-nin orta məktəb binasında keçirilən çoxsaylı komitə sessiyalarında iştirak etməyə təşviq etmişdir.

Bu sessiyaların hər birində 25 müxtəlif ölkə nümayəndələri təmsil olundu və qlobal əhəmiyyət kəsb edən məsələləri həll etmək üçün birgə işlədilər. Bütün ölkə nümayəndələri ünsiyyət, tənqidi düşüncə, əməkdaşlıq, ictimai nitq, tədqiqat və təşkilatçılıq bacarıqlarını təkmilləşdirməklə komitə sədrləri, həmsədrləri və direktorlar ilə apardıqları müzakirələrdə qlobal əhəmiyyət kəsb edən məsələlər haqqında yekun qərarlar yazdılar.

Ümumilikdə konfrans kifayət qədər interaktiv və maraqlı keçdi.

Ölkə nümayəndələrində məsuliyyət hissi yaratmaq məqsədi ilə EASMUN bu iki günlük konfrans müddətində sessiyalarda müxtəlif debatlar, müzakirələr və danışıqlar vasitəsilə bütün tələbələrin aparılan işlərdə öhdəlik götürmələrini təmin etmişdir.

Konfrans iki gün ərzində öz işini uğurla davam etdirdi.

Konfransın yekununda Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini çıxış edərək iştirakçıları təbrik etdi və sessiya zamanı müzakirə olunan mövzuların, debatların iştirakçıların gələcək təhsil və iş karyerasına mühüm təsiri olacağını vurğuladı.

Tədbirin sonunda fəal iştirakçılara hədiyyə və sertifikatlar təqdim edildi.