Ermənistandan tarixi QƏRAR - Bakı istəyinə çatdı: Paşinyan ipi boğazına keçirdi

7 Oktyabr 2022 13:33

Əliyev və Paşinyan arasında növbəti danışıqlara ötən gün yekun vuruldu. Praqada gerçəkləşən dördtərəfli (İlham Əliyev - Şarl Mişel - Nikol Paşinyan - Emanuel Makron) görüş rəsmi Bakı üçün əslində gözlənildiyindən də effektiv alındı. 

Fransa prezidentinin bu görüşdə iştirakı formal xarakter daşıyırdı. Avropa Birliyinə sədrlik edən Fransanın təşkilatçılığı ilə Çexiyanın paytaxtında təşkil edilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında Makronun iştirakı rəsmi Bakını narahat etmirdi. Çünki artıq ortada Bakının Brüssel görüşlərində təklif etdiyi və Ermənistan tərəfindən də sözdə qəbullandığı bir məlum 5 maddəlik sülh paketi var və Ermənistanın havadarlarından birinin bu prosesdə iştirakı əslində Bakının qalib tərəf kimi istəklərini və tələblərini diqtə etmək baxımından olduqca önəmli məsələ idi. 

5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı Prezident Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində növbəti dəfə uğurla alındı. Yekunda İlham Əliyev, Nikol Paşinyan, Emmanuel Makron və Şarl Mişel arasında saatlarla davam edən danışıqlardan sonra yekun bəyanat qəbul edildi. Bu bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini (Ermənistan birmənalı olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdı.) tanıdılar və bu xüsusda BMT nizamnaməsi əsas sənəd kimi götürüldü. 

Xüsusən də Makronun iştirakı ilə Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü 5 maddəlik sülh prinsipi Avropa İttifaqı Şurasının da rəsmi iştirakı ilə qəbul etdi. Onu da qeyd edim ki, Praqa bəyanatı müharibədən sonra tərəflər arasında ərazi bütövlüyü və suverenliyin əks olunduğu ilk sənəd kimi yadda qaldı. 

Faktiki olaraq bu o deməkdir ki, Paşinyan himayədarının gözü qarşısında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq etdi. Bu isə öz növbəsində 30 ildən sonra İrəvanın "Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendum" tələbindən imtina etməsi deməkdir. Bununla da İrəvan Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu etiraf etmiş oldu. Beləcə, Prezident İlham Əliyev iki gün əvvəl Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışı zamanı dediyi "Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik" sözləri beynəlxalq aktorların, güclərin gözü qarşısında Ermənistana və onun himayədarlarına qəbul etdirmiş oldu. 

Hər iki ölkə 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləsələr də Ermənistana etibar edə bilərikmi?

Rəsmi İrəvanın manipulyasiyalara davam etməyəcəyini istisna etmək axmaqlıq olar. Çünki biz keçmişə nəzər salsaq görərik ki, məhz 31 il əvvəl Alma-Ata Bəyannaməsindən (Alma-Ata bəyannaməsi, Alma-Ata müqaviləsi - MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı təsdiqləndi. 21 dekabr 1991-ci ildə prezidentlərin Alma-Ata görüşündə imzalanmışdır) sonra Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi. 

Bu işğala həmin bəyannaməyə imza atan bütün respublikalar səssiz qaldılar, Ermənistanın cinayətlərini kənardan seyirci qismində izləməklə kifayətləndilər. Deməli, istənilən beynəlxalq sənəddə Ermənistanın imzası Azərbaycan güclü olduğu müddətcə etibarlıdır. Çünki yaxın keçmişə - 44 günlük müharibədən əvvələ nəzər salsaq görərik ki, bu gün Alma-Ata Bəyannaməsinə sadiqliyini bildirən Ermənistan rəhbərliyi o vaxt "Qarabağ Ermənistandır, nöqtə" deyirdi. Odur ki, Ermənistanın verdiyi bəyanatlara, imza atdığı sənədlərə "sadiqliyi" Azərbaycan güclü olduğu təqdirdə keçərlidir. Bu baxımdan keçmişi, qarşımızdakı dövlətin istənilən boşluqdan istifadə edərək məkirli planlarını yenidən həyata keçirmək, revanş arzusunu gerçəkləşdirmək niyyətini əlsa unutmamalıyıq.

Sülhə doğru gedən konkret real razılaşma Moskvadan başlasa da Avropada baş tutdu:

Dördtərəfli birgə bəyanatın ən vacib və xüsusi diqqət tələb edən bəndi Ermənistanın Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərəcəyi ilə bağlıdır. Burada Sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırıldı. Rusiyanın 10 noyabr üçtərəfli bəyanatının imzalanmasındakı fəallığını, ondan sonrakı proseslərdə Ermənistan və Azərbaycan liderlərinin görüşünün təşkili istiqamətində göstərdiyi fəallq faktiki olaraq keçmiş Minsk Qrupunun digər iki həmsədr dövləti ABŞ və Fransanı kölgədə qoydu, bu ölkələr Cənubi Qafqazdakı proseslərdən bilavasitə kənarda qaldılar. 

Lakin Qərb Rusiyanı regionda gücdən salmaq, təsir imkanlarını minimuma endirmək üçün ayağını ayağının üstünə qoyub, gözləmədi. Belə görünür ki, Kremlin Ukrayna ilə başlatdığı savaşın mənfi nəticələrini Rusiya təkcə Şərqi Avropa sərhədlərində yox, artıq Cənubi Qafqazda hiss etməyə başlayacaq.

Belə ki, ötən gün Emanuel Makron Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün çox önəmli məsələnin yoluna qoyulması üçün bu görüşdə tərəf idi. Əslində Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı.

Nəticədə Fransa arzu və istəklər paketini açıqladı: Makron Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəfiklərini qeyd edib. Amma suverenliyini hər şeydən üstün tutan Azərbaycan buna etiraz edərək qətiyyətli mövqe ortaya qoydu.

Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, Avropa İttifaqının missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək. Bu isə o deməkdir ki, Ermənistan növbəti dəfə Rusiyanın kürəyinə xəncər sapladı. 

Konkret desək, Qərb regionla bağlı məqsədinə də qismən nail olmaqdadır. Bakı isə ona bu məqsədi Ermənistan üzərindən oynamaqdan başqa seçim vermədi. Regionda Rusiya artıq təsirini kəskin itirir. Və ekvivalent olaraq Avropanın, Qərbin nüfuz etməsi isə artır ki, bu da Kremlin İrəvana dişlərini qıcamasına səbəb olacaq. Ermənistan isə Fransanın sədrliyini etdiyi Avropa İttifaqının sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını növbəti dəfə sübut etməklə yanaşı, nə qədər etibarsız olduğunu bir daha təsdiqlədi. Nikol Paşinyan bu dəfə Kreml sarayında vəziyyətdən çıxmaq üçün Putinə hansı bəhanələr gətirəcəyi, nələr uyduracağı isə sonranın mövzusudur...

Praqada dördtərəfi görüşün nəticəsinə qayıdaq: verilən birgə bəyanat diplomatik müstəvidə Azərbaycanın növbəti qələbəsidir, bu, danılmazdır. Görüşlər sonrası ortaya çıxan mənzərə deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri növbəti dəfə böyük səmərə verdi və nəticədə Ermənistan rəhbərliyinin müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğramaqdadır. Bu isə nəinki rəsmi İrəvanın, hətta ona havadarlıq edən Fransa və digər dövlətlərin də manevr imkanlarını xeyli dərəcədə məhdudlaşdıraraq Bakını diqtə edən tərəf kimi sülhə gedən yolda ardıcıl, qətiyyətli addımlar atmasını şərtləndirməkdədir.

"Avropa siyasi birliyi"nin Zirvə Toplantısı çərçivəsində Praqa zirvəsinin "ailə fotosu"na diqqət yetirəndə də son geosiyasi proseslər və Azərbaycanın orada tutduğu mövqe daha aydın şəkildə özünü göstərir. Avropa liderlərinin "ailə fotosu"nun mərkəzində Cənubi Qafqazda Avropaya inteqrasiya xəttini seçən nə Gürcüstan, nə də Qərblə-Rusiya arasında qalaraq ikitirəliklə məşğul olan Ermənistan liderini görmək mümkün oldu. Məhz həmin fotoda mərkəzdə Azərbaycan və Türkiyə lideri yer aldı ki, bu da Bakı və Ankaranın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və İlham Əliyevlə R.T.Ərdoğanın Ukrayna müharibəsi başda olmaqla digər qlobal geosiyasi proseslərdə əhəmiyyətli oyunçu olmasının mənzərəsini əks etdirir. 

Ermənistan bir şeyi bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etdi. Bu isə Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından, revanş istəyindən əl çəkməsini tələb edir. İrəvan bu siyasətinə sadiq qalarsa Ermənistanın Qərbi Zəngəzurla bağlı qorxusuna da bir əsas qalmayacaq. Əks təqdirdə Azərbaycan Ermənistana məkirli planlarını yenidən həyata keçirmək istiqamətindəki istənilən fəaliyyətini deaktivləşdirmək məqsədilə hərbi güc faktorunu daha kəskin şəkildə işə sala bilər. Bunun növbəti dəfə hansı hadisələrlə nəticələnəcəyini isə Ermənistan rəhbərliyinin öncədən düşünməyində yalnız fayda ola bilər. 

Təhməz Əsədov
Milli.Az