Baş Prokurorluq daşqın zonasında silahlı insident faktını təkzib etdi
12 May 2010 12:12
Qurumun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, "Bizim Yol" qəzetinin 11-12 may tarixli saylarında Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakət zamanı Sabirabad və Hacıqabul rayonlarında yaranmış vəziyyətlə əlaqədar dərc olunmuş məqalələrdə sakinlər arasında silahlı insidentin baş verməsi barədə informasiya yayılıb. Güya mayın 8-də gecə saatlarında Hacıqabul rayonunun Abduluşaq kənd sakinləri ilə Sabirabad rayonunun Həşimxanlı, Ətcələr, Qəzli və Quruzma kənd sakinləri arasında silahlı insident baş verib.
Baş Prokurorluq tərəfindən aparılan araşdırma ilə müəyyən edilib ki, həmin informasiya həqiqətə uyğun deyil və təbii fəlakət zonasında əhali arasında hər hansı bir qarşıdurma və yaxud insident baş verməyib. "Vətəndaşlarımızın təbii fəlakət nəticəsində problemlərlə üzləşdiyi bir vaxtda sensasiya xatirinə yazılmış həmin məlumat real faktlara söykənmədən hazırlanmış və cəmiyyətdə çaşqınlıq yaranmasına yönəlmiş uğursuz cəhd kimi qiymətləndirilir. Bununla əlaqədar, KİV nümayəndələri tərəfindən bu kimi halların gələcəkdə təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun mətbuat xidmətləri ilə dəqiqləşdirmələri xahiş olunur" - deyə məlumatda deyilir.
Milli.Az