Gəncədə elektron qaz sayğaclarının quraşdırılması işi yekunlaşmayıb
9 Aprel 2012 21:36
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə artıq bir neçə ildir ki, smart-kart tipli qaz sayğacların quraşdırılmasına başlansa da, hələ də bu proses başa çatmaq bilmir. Bununla bağlı açıqlama verən Gəncə Qaz İstismarı Sahəsinin baş mühəndisi isə işlərin yaxın
vaxtlarda yekunlaşacağını bildirib.
Nəzərə alsaq ki, Gəncədə 70 minə yaxın abunəçi var və 2005-ci ildən bəri onların təxminən 40 mini elektron sayğacla təmin edilib. Onda belə çıxır ki, şəhərin tam olaraq elektron sayğaclarla təmin edilməsinə hələ bir neçə il var. Gəncə Qaz İstismarı Sahəsindən isə tam əmin edirlər ki, sayğacların quraşdırılması ilin sonuna qədər başa çatacaq.
"Ümumiyyətlə, Gəncə şəhəri üzrə 69 min 607 abunəçimiz var. Onlardan 45 mini artıq elektron tipli qaz sayğaclar ilə təmin edilib. Demək olar ki, bu ilin sonuna kimi bu işlər başa çatacaq. Hazırda işlər Bağbanlar yaşayış massivində davam etdirilir və günə 25-30 sayğac quraşdırırıq" - Gəncə Qaz İstismarı Sahəsinin baş mühəndisi Şubay Nəsibov deyib.
Onun sözlərinə görə, yerdə qalan 20 mindən artıq abunəçi isə köhnə, yəni mexaniki sayğaclardan istifadə etməli olur. "Şəhərimizdə 2 mindən artıq abunəçinin isə ümumiyyətlə sayğacı yoxdur. Gəncə şəhəri üzrə 700-ə yaxın abunəçi sayı isə kommersiya obyektlərinin payına düşür" - o, bildirib.
Müsahibimiz onu da vurğulayıb ki, smart-kart tipli sayğacların quraşdırılması pulsuzdur. Qeyd edək ki, adıçəkilən elektron sayğaclar Fransa istehsalı olub, hər biri təqribən 264 manata başa gəlir. "Azəriqaz" tərəfindən quraşdırılan bu avadanlıqların mexaniki
sayğaclardan üstünlüyü abunəçinin birbaşa kart sistemindən istifadə etməsidir. Onu da nəzərinizə çatdıraq ki, Gəncə şəhəri üzrə qaz xətlərinin yerin altına salınması prosesi davam edir və indiyədək 63 km-ə yaxın qaz xətti kapron borularla dəyişdirilərək yerin altına salınıb. Ümumi qaz xətlərinin uzunluğu isə 804 kilometrdir.
Milli.Az