Prezident: İndi bizim qarşımızda yeni çağırışlar, amma Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xoş çağırışlar dayanır

5 Oktyabr 2022 11:54

Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Əminəm ki, bu insanlar buna layiqdirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ağdamda Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

"Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb", - dövlət başçısı qeyd edib.

Milli.Az