Prezident: Qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik

4 Oktyabr 2022 13:31

Qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Torpaqlarımızı işğaldan azad etdikdən sonra biz irimiqyaslı yenidənqurma proqramı həyata keçiririk və qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik. Eyni zamanda, ilin əvvəli də çox yaddaqalan olub - ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük elektrik enerjisi stansiyası layihəsinə start verilib. Həmin layihə ilin əvvəli üçün yaxşı start idi və layihə uğurla gedir. Bu yaxınlarda hökumətinizin bir sıra üzvləri ilə görüşüm oldu və mənə layihənin gedişi ilə bağlı məlumat verildi.

Yəni, əlaqələrimiz siyasi və iqtisadi sahələrdə inkişaf edir. Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb. Əlbəttə, qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər".

Milli.Az