Azərbaycanda daha bir şagirdə qarşı şiddət - Bıçaqladılar

4 Oktyabr 2022 10:20

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, İsmayıllı rayonunun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Fətəliyev Nihat Mübariz oğlunu bıçaqlayıb.

Onların arasında mübahisə və bıçaqlanma hadisəsi kənd yolunda baş verib. Döş qəfəsindən və bədənin digər 4 nahiyyəsindən bıçaq xəsarətləri alan Nihat Fətəliyev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan şagirdin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.

Milli.Az