Azərbaycan Avropanın xilaskarı rolunda - Əldə etdiyimiz siyasi və iqtisadi dividendlər

2 Oktyabr 2022 10:37

Məlumdur ki, mövcud geosiyasi vəziyyət Avropa qitəsini tarixinin ən dərin enerji böhranı ilə üz-üzə qoyub. Mövcud vəziyyətlə əlaqədar olaraq, qitədə enerji təhlükəsizliyi təhdid altındadır və bu səbəbdən, dövlətlər təcili şəkildə alternativ enerji mənbələri axtarmağa başlayıblar. Təbii ki, bu məqam mavi yanacaq ixrac edən Azərbaycanın qlobal enerji bazarındakı mövqelərini daha da gücləndirir. Özünü etibarlı neft tədarükçüsü kimi təsdiqləyən Azərbaycan, kritik məqamda Avropa dövlətləri üçün mavi yanacaqla bağlı əvəzolunmaz tərəfdaşa çevrilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Prezident İlham Əliyevin Bolqarıstana səfəri, orada keçirdiyi görüşlər və səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışının edilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolundan xəbər verir.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) nədir və Avropa üçün niyə bu qədər əhəmiyyətlidir?

IGB Bolqarıstana Azərbaycan qazını, xüsusən də Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağında hasil olunan qazı almağa imkan verəcək qaz kəməridir. IGB TAP-a birləşdiriləcək və onun vasitəsilə "Şahdəniz" yatağından qaz Avropa bazarlarına çıxarılacaq. IGB-nin təməlqoyma mərasimi 22 may 2019-cu ildə Bolqarıstanda baş tutub. Qaz kəmərinin uzunluğu 182 kilometrdir.

Birinci mərhələdə qaz kəmərinin ötürmə qabiliyyəti ildə üç milyard kubmetr qaz təşkil edəcək. İkinci mərhələdə, bazarın inkişafından asılı olaraq, kompressor stansiyasının əlavə edilməsi ilə kəmərin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaza çatdırıla bilər. Layihənin ümumi investisiya dəyəri təqribən 240 milyon avro (ƏDV istisna olmaqla) qiymətləndirilir, bunun 220 milyon avrosu əsaslı xərclərdir.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru barədə yazılmış informativ mətndən də aydın olur ki, lahiyə Avropanın enerji təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. IGB Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Avropanın enerji bazarı təhdid altında olduğu, enerji qiymətlərinin sürətlə yüksəldiyi bir zamanda Azərbaycan qazının nəqlinin artırılması, yeni təchizat marşrutlarının işə salınması "köhnə qitə"nin mavi yanacaq sektorunda qiymət sabitliyi yaradacaq. Təbii ki, qaz bazarında qiymətin sabitləşməsi qitə dövlətləri üçün sərt qışdan problemsiz çıxmaq baxımından həyati əhəmiyyətə malikdir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və əldə etdiyimiz iqtisadi dividendlər

Ölkə başçısı da Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun Sofiya şəhərində keçirilən açılış mərasimində çıxışı zamanı layihənin əhəmiyyətindən danışıb: "Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir".

Prezident bildirib ki, Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib, tezliklə elektrik təchizatçısına da çevriləcək: "Ötən il bizim qaz ixracımız 19 milyard kubmetr olub. Bu il isə 22 milyard kubmetr qaz ixrac etmək niyyətindəyik".

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də "Twitter" səhifəsində Yunanıstan-Bolqarıstan İnterkonnektorunun Sofiyada keçirilən açılış mərasimindən əvvəl layihənin Avropa mühüm əhəmiyyətindən yazıb: "Sofiyada Bolqarıstanla Yunanıstan arasında qaz interkonnektorunun açılışında olmaqdan məmnunam. Bu boru xətti Bolqarıstan üçün oyunun qaydalarını dəyişir. Bu, həm də Avropanın enerji təhlükəsizliyi üçün vacib töhfədir".

Ölkə başçısı çıxışı zamanı Azərbaycanın Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin təşəbbüskarı olduğunu deyib: "Bu gün enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir, dünyadakı mövcud siyasi vəziyyət bunu bir daha sübut edir. Cənub Qaz Dəhlizi Avropa qitəsində həyata keçirilən və Avropanın enerji xəritəsinin dəyişən əhəmiyyətli infrastruktur layihələrindən biridir. Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir".

Qürurvericidir ki, layihə Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlib. Bu məqam ölkəmizin nüfuzunun, Prezident İlham Əliyevin sözünə inamın, verilən dəyərin, göstərilən etimadın bariz nümunəsidir.

Ümumilikdə Avropa enerji bazarında yaranmış çətin vəziyyət fonunda Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) açılışı Azərbaycanın "köhnə qitənin" enerji təhlükəsizliyinin təmin edilməsində rolunun əməliyyətli dərəcədə artdığını, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP və TANAP qaz kəmərlərinin nə qədər mühüm layihələr olduğunu bir daha təsdiqləyir.

Həmçinin Azərbaycan Xəzər, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdirlər. Müvafiq potensialların reallaşdırılması hər iki ölkə üçün yeni imkanlar yaradır. Orta Dəhliz layihəsinin potensialı Azərbaycan-Bolarıstan əməkdaşlığını nəqliyyat sahəsində yeni səviyyəyə çatdırır, həmçinin Şərq-Qərb tranzit dəhlizi ilə yükdaşımaları əhəmiyyətli dərəcədə artırır.

Təbii ki, Azərbaycanın Avropanın enerji bazarında və nəqliyyat dəhlizlərində rolunun artması yeni maliyyə mənbələrimizin yaranmasına səbəb olur. Bu isə öz növbəsində iqtisadiyyatımızın daha da güclənməsinə, qlobal iqtisadi gərginlik dövründə əhalinin gəlirlərinin çoxalmasına, yaşayış səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək.

Bolqarıstanla strateji tərəfdaşlıq və Azərbaycanın artan təsir rıçaqları

Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donevin adından verilən naraharda iştirak zamanı deyib ki, bu səfərdən sonra Sofiya ilə Bakı arasında strateji tərəfdaşlıq yeni dinamika qazanacaq. "Əminəm ki, bu səfər ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək və Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yeni dinamika qazanacaq. Uzun illər ərzində, əslində, artıq yeddi ildir ki, bir-birimizi strateji tərəfdaş hesab edirik və sözün əsl mənasında, biz həmin sıx əməkdaşlığın nəticələrini görürük. Ticarət dövriyyəsi sahəsində yaxşı nəticələri müşahidə edirik. Baxmayaraq tam göstəricilər hələ ki, qane etmir, lakin bu il ticarət dövriyyəmiz iki dəfədən çox artıb".

Xüsusi vurğulamaq lazımdır ki, NATO və Avropa İttifaqının üzvü olan Sofiya ilə Bakı arasında strateji əməkdaşlığın dinamik mərhələyə qədəm qoyması ölkəmizin milli maraqları baxımından böyük əhəmiyyətə malikdir və bu məqama Azərbaycanın Avropanın nüfuzlu hərbi və siyasi təşkilatları qarşısında mövqelərinin güclənməsi kontekstində yanaşılmalıdır.

Azərbaycan qazına artan təlabat və ölkəmizin təlabata adekvat enerji resursları

Ölkəmizin enerji potensialı, imzaladığı çoxillik müqavilələr və etibarlı tərəfdaş imici Azərbaycanın təbii qazının ixrac coğrafiyasının genişlənəcəyi qənaətinə gəlməyimizə imkan verir. Çünki rəsmi Bakı getdikcə daha çox ölkədən qaz almaqla və tədarükü artırmaqla bağlı təklif alır. Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib ki, daha 3 Avropa dövləti Azərbaycandan qaz almaq istəyir: "Daha bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim ki, mən dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm. Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər".

Həmçinin Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimindəki çıxışında bu il Bakıda Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan Prezident İlham Əliyev qeyd edib ki, bu Memoranduma əsasən Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır: "Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq".

Görünən odur ki, gələcəkdə Azərbaycanın enerji resurslarına, xüsusilə təbii qazına təlabat daha da artacaq. Hətta Avropa ölkələri ilə yanaşı qaza ehtiyacı olan digər ölkələr Azərbaycanla mavi yanacaq alış-verişində maraqlı olacaq.

Təbii ki, Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa marağın artmasının kökündə ölkəmizin yaratdığı etibarlı tərəfdaş imici, üzərinə götürdüyü öhtəliklərə məsuliyyətlə yanaşması dayanır.

Bəs Azərbaycanın artan təlabat qarşısında nə qədər təbii qaz resursu var?

Prezident İlham Əliyev Bolqarıstanın Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir: "Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir".

Prezident çıxışı zamanı tezliklə Azərbaycanda bir neçə yeni qaz yatağının da hasilata başlayacağını deyib.

Sadalanan məqamlar Azərbaycanın hələ uzun illər qlobal qaz bazarında hakim mövqedə olacağını deməyimizə əsas verir.

Azərbaycan Avropa xalqlarının xilaskarı rolunda

Ümumilikdə Azərbaycanın belə bir kritik məqamda Bolqarıstana, həmçinin Avropanın digər dövlətlərinə qaz nəql etməsinin iqtisadi və siyadi baxımdan olduğu kimi, mənəvi baxımdan da böyük əhəmiyyəti var. Çünki Avropa dövlətləri mövcud şəraitdən irəli gələrək yerli əhaliyə mavi yanacaqdan istifadə ilə bağlı ciddi məhdudiyyətlər tətbiq ediblər. Belə bir dövrdə Azərbaycanın xilaskar rolunda çıxış etməsi, Avropaya qaz nəqlini artırması xalqımızın və ölkəmizin beynəlxalq imici baxımından da böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, sözün həqiqi mənasında Azərbaycan adını Avropanın tarixinə qızıl hərflərlə yazdırır. Bu səbəbdən, Avropa xalqları Azərbaycanın xilaskarlıq missiyasından hələ uzun illər danışacaq və ölkəmizi gələcək nəsillərə Avropanı enerji böhranından xilas etməkdə payı olan dövlət kimi təqdim edəcəm.
Çünki Azərbaycan verdiyi tarixi qərarlarla sözün həqiqi mənasında "köhnə qitə"ni soyuqdan donmaqdan xilas edir. Təbii ki, Avropanın enerji böhrandan xilasındakı həyati əhəmiyyətə malik olan rolumuz həm Prezident İlham Əliyevin, həm də Azərbaycan xalqının tarixi uğurudur.

Milli.Az