“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərdə nələr var?

1 Oktyabr 2022 08:14

Milli Məclisin iclasında "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik ediləsi barədə qanun layihəsi müzakirə edildi.

Komitə sədri Musa Quliyev layihənin təqdimatında bildirdi ki, müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" 2022-ci il 8 fevral tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədi ilə hazırlanıb: "Qanunun 7 maddəsinə təklif olunan 42 dəyişiklik mahiyyət etibarı ilə 2 istiqaməti nəzərdə tutur: pensiya artımlarının vahid indeksasiyası metodunun tətbiq edilməsi; müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək pensiyaçılarına edilən maddi yardımın pensiyaya əlavə edilməsinin hüquqi bazasının yaradılması. İzahat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, pensiya artımlarında vahid indeksasiyanın tətbiq edilməsi pensiyaların inflyasiya təsirlərindən qorunmasını təmin edən dünyada geniş tətbiq edilən bir mexanizmdir".

M.Quliyev bildirdi ki, "Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən ümumi əsaslarla , yəni sığorta prinsipi əsasında təyin edilmiş pensiyalar hər ilin əvvəlində nominal əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılır və beləliklə həmin pensiyaların real dəyəri qorunmuş olur: "Başqa sözlə, hazırda 1.159.252 nəfər pensiyaçının 93%-nınyaxud 1.073.067 nəfərinin pensiyası hər il indeksləşdirilərəkartırılır. Lakin qulluq stajına görə pensiyasına əlavə alan 86185 nəfərin, və ya ölkə üzrə əmək pensiyaçılarının 7%-nin pensiyası illik indeksasiyadan kənarda qaldığına görə inflyasiyanın mənfi təsirlərindən qoruna bilmir. Belə ki, Qanunun hazırda qüvvədə olan 29.2-ci maddəsinə əsasən qulluq stajına görə pensiyasına əlavə alan şəxslərinpensiyası, həmin şəxslərin əvvəllər tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır və artırılır. Bildiyiniz kimi, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin əmək haqqları, eləcə də pensiyaları 3-5 ildən bir artırılır ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasını inflyasıyanın mənfi təsirlərindən qorumaq mümkün olmur. Aparılan təhlillər göstərir ki, son 10 ildə indeksasiyaya görə ümumi əsasda pensiyalar - 98% artdığı halda, pensiya artımı xüsusi rütbəli şəxslərdə 81%, MSK üzvlərində 71%, hakimlərdə 25%. prokurorluq əməkdaşlarında 13%, hərbiçilərdə - 59%, dövlət qulluqçularında isə - 69% təşkil edib. Göründüyü kimi, pensiyaların real dəyərinin qorunması ilə bağlı Qanunun hazırda tətbiq edilən müddəaları pensiyaçılar arasında ayrı-seçkiliyə səbəb olmaqla yanaşı, xüsusi şərtlərlə pensiya alan vətəndaşlarımızın pensiyalarını dəyər itkisindən qorumağa imkan vermir. Daha çox dəyər itkisinə məruz qalan ən böyük kontingent isə bizim qəhrəman hərbiçilərimizdir".

Milli.Az musavat.com-a istinadən bildirir ki, komitə sədri dedi ki, layihədə təklif edilən vahid indeksasiya metoduna keçidlə bağlı dəyişikliklər aşağıdakı nəticələrin əldə edilməsinə imkan verəcək: "Bütün növ əmək pensiyalarının məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaq; qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası hər il indeksasiya ediləcək, əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahı yaxşılaşmış olacaq; pensiyaların indeksləşdirilərək artırılmasının tamamilə elektronlaşdırılması mümkün olacaq; pensiyaçılar və onların xidmət keçdiyi qurumların hər hansı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq".

Milli.Az