Füzulidə 2 nəfər minaya düşərək ölüb

30 Sentyabr 2022 22:35

Sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Füzuli rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla rayonun Yuxarı Dilağarda kəndində olarkən Amid Əsədov və Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilmişdir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, sentyabrın 30-da Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndində təmizlənməmiş ərazidə tank-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub.

1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu xəstəxanaya çatdırılıb.

"Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə qeyd olunub.

Milli.Az