"Babək" baletinin premyerası keçiriləcək

30 Sentyabr 2022 17:12

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın 

Xalq artisti, bəstəkar Aqşin Əlizadənin  "Babək" baletinin premyerası keçiriləcəkdir.

Tamaşa əfsanəvi xalq qəhrəmanı igid sərkərdə Babəkin öz xalqının azadlığı uğrunda mübarizəsinə həsr olunmuşdur. Məlum olduğu kimi Babək 20 ildən artıq bir müddətdə ərəb xilafətinə qarşı xalqın milli azadlıq hərəkatına rəhbərlik etmişdir. Onun şücaət və qəhrəmanlığı haqqında hekayələr əsrlərdən bəri xalqın yaddaşında dərin iz buraxmış, nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatmışdır.

Yeni tamaşanın quruluşcu baletmeysteri, Azərbaycanın Xalq artisti, " Zirvə ", " Qızıl dərviş"  və  "Humay" milli mükafatlarının laureatı Kamilla Hüseynova, quruluşcu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Balet tamaşasını dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Haşımov idarə edəcəkdir.

Əsas rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Anar Mikayılov (Babək), Cəmilə Kərimova (Alnisə), Makar Ferştandt (Əmir) və truppanın aparıcı solistləri Ayan Eyvazova (Pərişad) və Seymur Qədiyev (Cavidan) ifa edəcəklər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az