Zaur Qasımov: "Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindəndir"
9 Aprel 2012 14:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanına əsasən, İqtisadi İnkişaf Nazirliyinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalının yaradılması tapşırılmışdır. Martın 15-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də sahibkarların iştirakı ilə icazələrin elektron informasiya portalının - www.icazeler.gov.az - təqdimatı keçirilmişdir.
İcazələrin elektron informasiya portalının yaradılması və portalın ölkə vətəndaşlarına, eləcə də sahibkarlara faydası barədə Trend agentliyinin suallarını İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov cavablandırır.
- Zaur müəllim, ilk olaraq ölkədə sahibkarlığın inkişafı istiqamətində son dövrlərdə həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumat verməyinizi xahiş edirəm.
- Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir.
Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar liberallaşdırılmış, idxalda rüsumların maksimal həddi 15% həcmində müəyyənləşdirilmişdir. Eyni zamanda, sahibkarların vergi yükü azaldılmış, o cümlədən mənfəət vergisinin dərəcəsi 22%-dən, fiziki şəxslərin gəlir vergisi isə 35%-dən 20%-ə endirilmiş, sadələşdirilmiş verginin hər kvartalda bir dəfə ödənilməsi təmin edilmiş, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmış, elektron xidmətlərin tətbiqi genişləndirilmış, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisindən başqa, bütün növ vergilərdən azad olunmuşdur.
Sahibkarlıq subyektlərinin qeydiyyatında "bir pəncərə" prinsipinin tətbiqi təmin edilmiş və onların onlayın qeydiyyatına başlanılmışdır. Sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinin səmərəli mexanizmi formalaşdırılmışdır. Belə ki, güzəştli kreditlərdən istifadə qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmış, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənmişdir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ÜDM istehsalında xüsusi çəkisi artmışdır. Bu gün ÜDM-nin həcmində özəl sektorun payı 80%-dən çoxdur. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı isə 70-99% arasında dəyişir. 2011-ci il ərzində özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,5%-ni təşkil etmişdir.
Ölkə iqtisadiyyatının inkişafı bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda da öz müsbət əksini tapmışdır. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, ötən il Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur. "Doing Business 2012" hesabatında Azərbaycan 3 pillə irəliləyərək 183 ölkə arasında 66-cı yerə çıxmışdır. Bununla yanaşı, "Standart & Poor's" Reytinq Agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq "BBB-" səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozunu isə "sabit" saxlamışdır. "Fitch Ratings" Agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren reytinqini investisiya səviyyəli "BBB-" səviyyəsində təsdiq etmiş və reytinq proqnozunu "stabil"dən "müsbət"ə yüksəltmişdir. "Moody's" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini "Ba1" səviyyəsində qiymətləndirmiş, reytinq üzrə proqnozu isə "müsbət"ə dəyişmişdir.
Qeyd etmək istəyirəm ki, ötən illər ərzində dövlət başçısı tərəfindən imzalanmış bir sıra fərman və sərəncamlar sahibkarlığın inkişafında əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanı da sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan növbəti addım olmaqla, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha bir təzahürüdür.
- Ölkədə lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi istiqamətində hansı islahatlar aparılmışdır?
- Əvvəlki illərdə ölkə qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən, lisenziyalaşdırma sisteminin sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədilə mövcud olan sistemin optimallaşdırılması istiqamətində bir sıra tәdbirlәr həyata keçirilmişdir. Belə ki, lisenziyaların sayı kəskin azaldılmış, lisenziyalaşdırma ilə bağlı prosedurları, lisenziyanın alınması üçün tələb olunan sənədləri, lisenziyanın qüvvədə olma müddətini, lisenziyanı verən dövlət orqanlarını, dövlət rüsumunun məbləğini, lisenziyanın dayandırılması və ləğv edilməsini özündə birləşdirən vahid qaydalar müəyyən edilmişdir. Qeyd edilən bu islahatlar lisenziyalaşdırılan fəaliyyət növləri ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri üçün lisenziyalaşdırma ilə bağlı məlumatların daha şəffaf əldə edilməsi, habelə lisenziyaların alınması üçün sərf olunan vaxtın azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, bu sahədə aparılan təhlillər göstərmişdir ki, sahibkar hər hansı fəaliyyət növü ilə məşğul olmaq istədikdə (sahibkarlıq subyektlərinin "bir pəncərə" prinsipi əsasında dövlət qeydiyyatına alınması istisna olmaqla) bunun üçün tələb olunan icazə xarakterli sənədlərin alınması zamanı mövcud proseduralar, tələb olunan sənədlər, nəzərdə tutulmuş ödənişlərin məbləği, həmin icazə xarakterli sənədlərin verilmə və qüvvədə olma müddətləri, bu sənədləri verən dövlət orqanları, icazələrin dayandırılması, ləğv edilməsi, dövlət orqanlarının və sahibkarların məsuliyyəti barədə məlumatların vahid hüquqi mənbədən əldə edilməsi istiqamətində bəzi çətinliklərlə üzləşirlər.
Məlumat üçün qeyd etmək istəyirəm ki, sahibkarlıq fəaliyyəti üçün verilən icazə xarakterli sənədlər əsasən xüsusi razılıq (lisenziya), icazə, xüsusi icazə, razılıq, rəy, qeydiyyat, sertifikat, şəhadətnamə, bəyənilmə, çıxarış, sərəncam və sairdir.
Göründüyü kimi, yuxarıda adları sadalanan formada icazə xarakterli sənədlərin kəmiyyət etibarı ilə çoxluğu və bu kimi sənədlərin vahid təsnifatının olmaması, habelə mövcud qanunvericilikdə icazə xarakterli sənədlər haqqında məlumatların müxtəlif normativ hüquqi aktlarda əks olunması bu sahədə islahatların həyata keçirilməsini zəruri edirdi.
Qeyd edilən problemlərin həlli və ümumən ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində şəffaf icazələr sisteminin yaradılması, bu sistemin təkmilləşdirilməsi və nizamlanması məqsədilə hərtərəfli təhlillərə başlanılmışdır. Bu təhlillərin aparılmasında məqsəd Azərbaycanda verilən icazə xarakterli sənədləri sistemləşdirərək siyahısının tərtib edilməsi, həmçinin müasir texnologiyaların tətbiqi ilə bu sənədlərin vahid elektron məlumat bazasının yaradılması istiqamətində təkliflər paketinin hazırlanması olmuşdur.
Bununla əlaqədar, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və əldə edilmiş nailiyyətlərin ölkədə uğurlu tətbiqi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq edilmişdir. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən icra olunan "Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan inzibati prosedurların, o cümlədən icazələr sisteminin təkmilləşdirilməsi, eyni zamanda biznes mühitinin monitorinqinin Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən dünyada tətbiq edilən metodologiyaya uyğun olaraq həyata keçirilməsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi bu beynəlxalq təşkilatla sıx əməkdaşlıq edir.
Bu istiqamətdə Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı ilə bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Çernoqoriya, Gürcüstan və Moldovanın təcrübəsi öyrənilmişdir. Bundan başqa, icazələr sistemində islahatların aparılması, icazə sisteminin və icazələrin tətbiqinin konkret əsaslarının və meyarların müəyyənləşdirilməsi, icazə xarakterli sənədləri verən icra hakimiyyəti orqanlarının dəqiq müəyyən edilməsi və bu sənədlərin inventarlaşdırılması, biznes dairələrlə müzakirə edilməsi məqsədilə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanına əsasən, İqtisadi İnkişaf Nazirliyinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı (icazə növünün adı, hüquqi əsası, tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.) əks etdirən internet portalının yaradılması tapşırılmışdır. Dövlət başçısının Fərmanına əsasən yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə, icazələr barədə sorğulanan məlumatların asan tapılmasına, bu sahədə şəffaflığın daha da artırılmasına gətirib çıxaracaqdır.
- İcazələrin elektron informasiya portalının fəaliyyəti necə qurulmuşdur?
- Müasir texnologiyaların tətbiqinə əsaslanan icazələrin elektron informasiya portalı ölkə vətəndaşlarının lisenziya və icazələr sahəsində məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir. Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə, öz fəaliyyətini genişləndirmək istəyən sahibkarlara tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair bütün məlumatları vahid mənbədən əldə etməyə imkan verir.
Portal hazırlanarkən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatların dürüstləşdirilməsi üçün bu qurumlar tərəfindən verilən icazə sənədləri ilə bağlı məlumatlar sistemləşdirilmişdir.
7 bölmədən ibarət olan saytda icazələrin söz, qurum və sənədin növü üzrə axtarış sistemi yaradılmışdır ki, bu da sorğulanan məlumatın çevik və asan tapılmasına imkan verəcəkdir.
Həmçinin, portalda "sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri" bölməsi yaradılmışdır. Bu bölməyə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladığı sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri yerləşdiriləcək və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılması təmin ediləcəkdir.
Sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri bölməsi sahibkarlara onların məlumatlılıq səviyyəsinin yüksəldilməsilə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında onların birbaşa iştirakını mümkün edəcəkdir. Digər tərəfdən isə, bu bölmə sahibkarlıq sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması prosesinin daha şəffaf aparılmasına imkan yaradacaqdır.
Əlavə olaraq qeyd etmək istəyirəm ki, dövlət inzibatçılığında modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsinin zəruriliyini nəzərə alaraq ölkə başçısının "Dövlət orqanlarında elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə əsasən, Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin siyahısı"na sahibkarlıq subyektlərinə göstərilən xidmətlər də daxil edilmişdir. Belə ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması, əmtəə birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi, mənşə və keyfiyyət sertifikatlarının verilməsi, xüsusi razılıq (lisenziya) və sertifikatların reyestrinin aparılması kimi xidmətlər həmin siyahıya daxil edilmişdir.
Özəl sektorun daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün sahibkarlıq Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsində xüsusi rol oynayır. Azərbaycan Respublikası Prezidentinin "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dediyi kimi: "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir".
Milli.Az