“XAZART” incəsənət simpoziumu keçiriləcək

29 Sentyabr 2022 17:12

"Leyla Khazary ArtGallery" "Qalaalti Hotel & Spa"-nın əməkdaşlığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "XAZART" incəsənət simpoziumunu təqdim edir.

"XAZART" incəsənət simpozium 2022-ci il 07-15 oktyabr tarixlərində, gözəl bir məkanda - təbiətin qoynunda, başlanğıcını Dərbənddən götürüb Bakıya, Abşerona qədər uzanan müdafiə xəttinin qalalar silsiləsinə daxil olan, zirvəsində 4-5-ci əsrlərin məşhur Çıraqqala abidəsi olan dağın ətəyində, "Qalaalti Hotel & Spa"-da keçirilir.

Simpoziumun işitirakçıları sənətdə artıq öz sözünü demiş rəssamlardır. Rəssamlardan əlavə simpoziumun fəxri və aktiv qonaqları arasında incəsənətin müxtəlif sahələrinə aid sənətkarlar iştirak edəcəklər.

"XAZART" incəsənət simpoziumunun məqsədi ictimaiyyət nümayəndələrinin iştirakı ilə təsviri incəsənətdə müasir tendensiyaları müəyyənləşdirmək, geniş tamaşaçı kütləsi arasında müasir rəngkarlığı təbliğ etməkdir.

Simpoziumun təşkilatşısı "Leyla Khazary ArtGallery"  artıq neçə illərdir ki, rəssamların yaradıcılığını təbliğ edir. "Leyla Khazary ArtGallery"  Azərbaycanda fərdi sərgilər təşkil edir, incəsənət haqqında sənədli filmlər nümayiş etdirir,  təsviri sənətustalarının çıxışlarını, tematik sərgiləri təşkil etməklə Azərbaycanın incəsənət və qalereya işi aləmində bir çox yeniliklərin yaradıcısı və təşəbbüskarı kimi çıxış edir. Qalereya rəngkarlığı təbliğ etməkdən əlavə onlayn -şoular, konfranslar və hərraclar, rəsm kursları və mühazirələr təşkil edir. "Leyla Khazary ArtGallery"  Bakıda ən böyük - 250 kv. metr sahəyə malik şəxsi qalereyadır.  Qalereya tərəfindən "Qalaalti Hotel & Spa" ilə birlikdə keçən ilin yayından başlayaraq "Artrium" adlı çox qeyri-adi bir sərgilər silsiləsi başlanmışdır. Bu sərgidə hər ay yeni bir rəssam öz işlərini təqdim edir. Birinci sərgi "restART" adı altında Mir Azər Abdullayevin yaradıcılığına həsr edilmişdi.

Simpoziuma ustad rəssamlar,  Azərbcaycanın hüdudlarından kənarda da tanınan və sevilən sənətkarlar dəvət edilib:

Anar Hüseynzadə, Anar Yolçuyev, Diana Əliyeva, Eldar Babazadə, Elnur Mahmudov, Əbülfəz Fərəcoğlu, Fərhad Yalquzaq, İnna Kostina, Mir Azər Abdullayev, Rafail Əliyev, Sənan Eynullayev, Təranə Seid, Zöhrab Salamzadənin adları bütün sənətsevərlərə yaxşı tanışdır.

Simpoziuma hər rəssam öz dünyasını, öz görüşünü gətirəcək. Auditoriyanı, tamaşaçıları öz yaradıcılığı ilə tanış edəcək. Rəngkarlığın müxtəlif istiqamətləri təqdim olunacaq.

Abstrakt və klassik əsərlər nümayiş olunacaq.

"XAZART" incəsənət  simpoziumu bölgələrdə bədii həyatın canlanması, yerli istedadların yaradıcılığa həvəslərinin, paytaxtla əyalət arasında yaradıcılıq 
münasibətlərinin artırılması, "Qalaaltı" Hotel & Spa -ya xaricdən gələn qonaqların yerli incəsənətlə, ölkənin mədəni həyatı  ilə tanış edilməsi məqsədi ilə keçirilir.
 
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az