Rusiyada çağırışdan qaçanların maşınları müsadirə ediləcək - FOTO

29 Sentyabr 2022 09:57

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qismən səfərbərliyə görə ölkədən qaçan rusiyalıların sərhəddə tərk etdikləri avtomobillərin Ukraynada döyüşməyə yollananların ailələrinə təhvil verilməsini təklif edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, palatanın plenar iclasında danışıb.

"Artıq maşınlarını da atırlar. Yeri gəlmişkən, bu maşınların kimlərə verilməsini də düşünmək lazımdır. Bəlkə, döyüşə gedənlərin ailələrinə verilsin?" - deyən Volodin belə bir qərarın düzgün addım ola biləcəyini vurğulayıb.

Spiker həmçinin sentyabrın 21-dən ölkəni tərk edənlərin siyahısının tərtib edildiyini vurğulayıb.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan edilib. O vaxtdan bəri yüz minlərlə insan ölkəni tərk edib. Qonşu Gürcüstanla sərhəddə isə kilometrlərlə tıxac yaranıb. Günlərlə yolda qalan rusiyalılardan bəziləri çarəni burada bazar açaraq maşınlarını dəyər-dəyməzinə satmaqda, digərləri isə avtomobillərini sahibsiz qoyaraq nəzarət-buraxılış məntəqəsinə piyada getməkdə görüblər.

Milli.Az