Paşinyan Moskvanı ələ saldı

27 Sentyabr 2022 14:26

MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 20-də İrəvana yollanmışdı.

Heyətin 5 gün, sentyabrın 25-dək Ermənistanda olması planlaşdırılmışdı.

"Səfərin məqsədi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti araşdırmaq və mövcud gərginliyin azaldılması məqsədilə təkliflər hazırlamaqdır", - S.Zas demişdi.

Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT nüməyəndələrini qəbul etməsi, S.Zasla müzakirələr aparması da nəzərdə tutulmuşdu.

Məntiqlə, gözlənilən qərar idi, çünki Nikol Paşiyan sentyabrın 13-dən bəri KTMT-dən "vəziyyətə kəskin və operativ müdaxilə"ni tələb edirdi.

Üstəlik, o, bu günədək bütün çıxışlarında, o cümlədən BMT Baş Assambleyasındakı nitqində də "sərhəddəki vəziyyət hazırda bizim üçün prioritet məsələlər arasındadır" deyib.

Lakin bəyanatlarına rəğmən, N.Paşinyan İrəvanda Stanislav Zası qəbul etməyib.

Sentyabrın 22-də isə o, Nyu-Yorka, BMT Baş Assambleyasının sessiyasına yollandı və orada NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdü.

KTMT-nin və ən başlıcası, bu strukturun banisi-rəhbəri Rusiya Federasiyasının bir nömrəli düşməni ilə görüşdə Paşinyan çox bəxtəvər görkəmdə idi.

Stanislav Zas isə İrəvanda hakimiyyətin ikinci eşelonundakı məmurlarla - XİN başçısının müavini, Təhlükəsizlik Şurasının katibi, Baş Qərargah rəisi ilə görüşlər keçirdi.

N.Paşinyanın Nyu-Yorkda Y.Stoltenberqlə görüşdüyü barədə məlumat alanda isə S.Zas İrəvanı dərhal tərk etdi.

Beləcə, KTMT baş katibinin Ermənistana səfəri nəzərdə tutulan vaxtdan tez başa çatdı, vizit yarımçıq bitdi.

Sentyabrın 23-də səhər saatlarında İrəvanı tərk edən Stanislav Zasın gedişi diplomatik demarş da sayıla bilər.

Lakin bu, Ermənistanın baş nazirinin son həftələrdəki bəyanatlarına, KTMT-yə aşkar şəkildə meydan oxuyaraq bu təşkilatın ünvanına sərt ittihamlar səsləndirməsinə cavab kimi də qəbul olunmalıdır.

Ermənistan Müdafiə Nazirliyinin KTMT-nin növbəti birgə, kollektiv hərbi təlimlərinə qatılmaqdan boyun qaçıraraq mövqeyini "sərhəddəki gərgin vəziyyət"lə izah etməsi də diletantlar üçün bəyanat sayıla bilər.

Fakt odur ki, rəsmi İrəvan KTMT-nin birgə hərbi kontingentinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini tələb etmiş, şətta qurumun hazırkı sədr dövləti statusunda bunu ultimativ şəkildə təkrarlamışdı.

Siyasi absurd olan tələbləri KTMT rəhbərliyi tərəfindən rədd ediləndə isə rəsmi İrəvan artıq açıq oyuna keçdi və kollektiv Qərblə, ilk əvvəl ABŞ və NATO ilə əlaqələri intensivləşdirmək niyyətini açıqladı.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərindən sonra Ermənistanda Rusiya əleyhdarlarının ifrat fəallaşması, mediada və sosial şəbəkələrdə Moskva əleyhinə sərt ritorika, daha sonra isə "ABŞ Ermənistana silah və hərbi texnika sata bilər" tipli iddiaların sayının artması ermənilərin xarici siyasətdə yenə də blef metodologiyasına əl atdığını göstərir.

Qərblə "flirt" edərək bu minvalla Rusiyadan, Rusiya ilə "müttəfiqlik və qardaşlıq" barədə bəyanatlar verərək Qərbdən imtiyazlarla yardımlar almaq niyyətində olan İrəvanın eyni vaxtda iki kətildə əyləşmək istəyi bu dəfə alınmayacaq.

Rusiya Ermənistanın xarici siyasətindən çox narazıdır.

Daha dəqiq olsaq, Kreml Paşinyanın onu aldatmağa və ələ salmağa çalışmasını istehza ilə seyr edir.

Bu isə ermənilər üçün növbəti, daha ağır fiasko vəd edir.

Elçin Alıoğlu
Milli.Az