Aİ Azərbaycana etibarlı və strateji enerji tərəfdaşı kimi baxır - Avropa Komissiyası

24 Sentyabr 2022 09:42

Mövcud geosiyasi kontekstdə biz REPowerEU planının prioritetlərinə uyğun olaraq, Aİ ilə Azərbaycan arasında enerji sektorunda dayanıqlı əlaqələri və əməkdaşlığı rəqabətqabiliyyətli, şaxələndirilmiş və təhlükəsiz qaz tədarükünə töhfə verən mühüm amil kimi görürük.

Bu barədə Trend-ə Avropa Komissiyasından məlumat verilib.

"Enerji sahəsində əməkdaşlığın müsbət təcrübəsinə və həlledici məqamda Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün uğurla başlanmasına əsaslanaraq, Aİ Azərbaycana etibarlı və strateji enerji ticarəti tərəfdaşı kimi baxır. Biz həmçinin enerji sahəsində əməkdaşlığa dair yeni Anlaşma Memorandumunu da enerji daşıyıcılarının tədarüklərinin şaxələndirilməsinə və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə enerji təhlükəsizliyimizin möhkəmləndirilməsinə mühüm töhfə kimi nəzərdən keçiririk ", - strukturdan qeyd olunub.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə başlanılıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirib. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz verir.

Milli.Az