Erkən diş çürümələrinin qarşısını necə almaq olar? - PEDİATR RƏYİ

24 Sentyabr 2022 23:45

Erkən yaşda əksər uşaqlarda dişlə bağlı müəyyən narahatlıqlar olur. Yeni diş çıxaran uşaqlar xüsusilə bu dövrdə çox narahat olurlar. Həmçinin yeni çıxan dişlərin az müddət sonra bəzi uşaqlarda çürüməsi də müşahidə olunur. Bu isə onlarda bir çox narahatlıqlara səbəb olur.

Bəs erkən diş çıxarma zamanı narahatlıqları aradan qaldırmaq üçün nə etmək lazımdır? Erkən diş çürümələrinin səbəbi nədir?

Medicina.az xəbər verir ki, bununla bağlı ailem.az-a danışan pediatr Günay Rəsulova bildirir ki, diş çıxararkən körpələr çox narahat olur: "Ağızdan çox su axır, uşaqlar əllərinə keçən hər şeyi ağızlarına salırlar. Həmçinin bu, onlarda yuxu problemi, qulaq qaşınması, diş əti qaşınması kimi hallarla özünü büruzə verir. Dişlər çıxdıqdan sonra bu əlamətlər itir. Bu dönəmdə damaq qaşıyıcıları, soyuq qaşıq, nəm və soyuq parça istifadə edilə bilər".

Körpələrdə və uşaqlarda diş çürüklərinin qarşısını almaqla bağlı məsləhət verən pediatr xəbərdarlıq edir ki, karbohidrat (şəkər) tərkibli sular və əlavə qidalardan uzaq durulmalıdır: "Xüsusilə yatmazdan öncə uşaqlara şirin su, çay qətiyyən verilməməlidir. Körpənin qaşığı kiminləsə paylaşılmamalıdır. Əks halda zərərli bakteriyalar körpəyə keçər. Analar uşağın əmziyini ağızda isladıb uşağa verməməlidir. Əmziyin bal, mürəbbə kimi qidalara batırılıb körpəyə verilməsi də yolverilməzdir. Şəkər dişi çürüdən zərərli bakteriyalar üçün qidalı mühitdir".

G.Rəsulova deyir ki, uşaqlara, tərkibində rafinə şəkər olmayan təbii meyvə, tərəvəz, taxıllar, süd, pendir, qatıq və başqa süd məhsulları bol-bol verilməlidir. Mümkün olduqca şüşə yerinə fincan istifadə edilməli, əmzikdən uzaq durulmalıdır. Uşaqlara barmaq əmmə, dırnaq yemə kimi zərərli vərdişlər tərgidilməlidir. Bundan başqa uşaqlarda diş təmizliyinə diqqət edilməlidir: "1 yaşdan aşağı uşaqların dişi yumşaq bir fırça və ya barmağa sarılmış yumşaq bintlə təmizlənilməlidir. 1-2 yaşlı uşaqların da dişləri fırçalanmalıdır. 2-6 yaş arası uşaqlar isə flor tərkibli diş fırçaları ilə gündə 2 dəfə dişlərini ailə üzvlərindən birinin nəzarəti ilə fırçalamalıdır".

Milli.Az