Hollivud ulduzu, BMT-nin xoş məramlı səfiri Ancelina Coli sentyabrın 20-də sel fəlakətindən əziyyət çəkən xalqa kömək etmək məqsədilə Pakistana səfər edib.
O həm Sellə Mübarizə Beynəlxalq Kordinasiya Mərkəzinin məsul şəxslərilə, həm də fəlakətdən zərər çəkmiş sadə pakistanlılarla görüşüb, söhbət edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Ancelina Colinin humanitar çadırlara sığınmış sadə vətəndaşlarla mehriban və səmimi görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub, Hollivud ulduzu bu əməlinə görə təqdir olunub. Ancelina Coli Pakistan xanımları arasına onlarınkı kimi geyim və baş örtüsü ilə daxil olub.
O verdiyi açıqlamada daha öncə bu miqyasda bir fəlakət görmədiyini qeyd edərək, ətraf mühitə daha az zərər verən ölkələrin təbii fəlakət və ölümlərin ən ağırı ilə qarşılaşdığına diqqət çəkib. Humanitar ehtiyacların ödənilməsinin vacibliyini söyləyən xanım Coli beynəlxalq qurumlara Pakistana daha çox yardım göstərmələri üçün çağırış edib.
14 iyundan bu günə qədər davam edən Musson yağışları nəticəsində yaranmış sel fəlakətləri Pakistanda 1500 nəfərin ölümünə, 33 milyon nəfərin zərər çəkməsinə səbəb olub.
Milli.Az