Monteneqro parlamenti prezidentin istefası proseduruna başlayıb

23 Sentyabr 2022 09:15

Monteneqronun parlament çoxluğu ölkə prezidenti Milo Cukanoviçin istefası proseduruna başlamaq təklifini imzalayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin "RTCG" televiziyası bildirib.

Məlumata əsasən, 80 yerlik parlamentin 41 deputatı parlamentə "prezidentin konstitusiyanı pozmasını yoxlamağı" nəzərdə tutan sənədi imzalayıb, həmçinin Monteneqro liderinin istefası prosedurunu işə salıb. Sənəddə deyilir ki, "Prezident Cukanoviç bütün parlament partiyalarını gələcək baş nazirin namizədliyi ilə bağlı məsləhətləşmələrə dəvət etməməklə ölkə konstitusiyasının 95-ci maddəsinin 5-ci bəndini pozub".

"Təsdiqləyirik ki, Cukanoviç 41 deputatın dəstəyini alan Baş nazir vəzifəsinə namizəd Miodraq Lekiçi danışığa dəvət etməyib. Prezident Milo Cukanoviç bu hərəkətləri ilə şübhəsiz ki, konstitusiyanı pozmuşdur. Bunun əsasında Monteneqro Assambleyasından Prezidentin istefası proseduruna başlamasını xahiş edirik", - deyə sənəddə bildirilib.

Milli.Az