Ceyhun Bayramov Blinkenin mesajını açıqladı - ABŞ-nin mövqeyi nədir? - VİDEO

22 Sentyabr 2022 13:21

ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüş zamanı açıq bir mesaj verdi ki, son gərginlik fonunda belə, sülh gündəliyini mütləq şəkildə irəlilətmək lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə Ermənistanın xarici işlər naziri Arorat Mirzoyan və ABŞ-nin dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüşü ilə bağlı danışarkən deyib.

Nazir ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunmasına töhfə vermək istədiyini vurğulayıb: "Son dövr ərzində həm ABŞ dövlət katibi, həm də dövlət katibinin komandasında olan insanlar xeyli fəallıq göstərirlər. Onlar Ermənistan-Azərbaycan kontekstində normallaşmaya töhfə vermək istəyirlər və ciddi addımlar atırlar. Mən üçtərəfli görüşü bu baxımdan faydalı hesab edirəm. Dövlət katibi görüşdə açıq bir mesaj verdi ki, bütün çətinliklərə, fikir ayrılıqlarına baxmayaraq, son gərginlik fonunda belə, sülh gündəliyini mütləq şəkildə irəlilətmək lazımdır. Hətta Dövlət Departamentinin görüşün nəticəsinə dair yaydığı açıqlamada da hər iki tərəfə sentyabrın sonuna kimi sülh müqaviləsi üzrə görüşün keçirilməsinə dair çağırış edilib".

C.Bayramov üçtərəfli görüşdə nələrin müzakirə olunduğuna da diqqət çəkib: "Görüşdə, ilk növbədə, 12-14 sentyabr tarixlərində iki dövlət arasında delimitasiya edilməmiş dövlət sərhədi ərazisində baş verən qarşıdurma, hərbi toqquşmanın həyata keçirilməsi və nəticələri ilə bağlı açıq şəkildə pozisiyamızı bildirdik. Ermənistan tərəfinin təxribata əl atması, daha sonra qarşı tərəfin qısa zaman ərzində əldə olunmuş atəşkəsi pozması, bununla da çoxsaylı itkilərə səbəb olması, bunun qəbuledilməzliyi ilə bağlı mövqeyimizi çatdırdıq. Eyni zamanda, bu vaxta kimi əldə olunmuş çoxsaylı razılaşmaların Ermənistan tərəfindən pozulması, o cümlədən Brüssel sülh gündəliyində əldə olunmuş razılaşmaların icrası səviyyəsində ləngimələr və süni problemlərin yaradılmasına diqqətimizi yönəltdik".

Milli.Az