“Sonda insana yenə də ailəsi qalır, ailənizi qoruyun”

21 Sentyabr 2022 20:07

"44 günlük zəfərdən sonra torpaqlarımızı işğaldan azad etdiyimiz üçün çox sevincli idik. Bircə şəhidlərimizə görə çox üzülürdük. Təbii ki, müharibə həm də itki deməkdir. Hamının ailəsindən, nəslindən şəhid olanlar oldu. Bu günlərdə ölkəmizin başını yenə də qara dumanlar aldı. Yenə də şəhid verdik, yenə də övladlar atasız, analar övladsız qaldı. Biz şəhidlərimizi heç vaxt unutmamalıyıq. Onları hər zaman qəlbimizdə yaşadıb, adlarını yadımıza salacağıq. Qəhrəmanları yaşatmaq lazımdır. İstər filmlərdə, istər teatr tamaşalarında, istərsə də mahnılarda. Şəhid analarının qarşısından baş əyirəm. Onlar həqiqətən də çox iradəli və möhkəm xanımlardır. Şəhidlər həm də bizim balalarımızdır, tək onların deyil"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni, əməkdar artist Almaz Ələsgərova deyib. O daha sonra 6 ildir ki, Akademik Musiqili Teatrda çalışdığını bildirib.

"Uşaqlıqdan oxumağı sevmişəm, amma oxumaqla bərabər həmişə evdə aktrisalıq edirdim. O məndə uşaq yaşlarından var idi. Universitetin birinci kursunda oxuyanda məni Musiqili Komediya Teatrına qəbul etdilər. Əsas rollardan birini oynayırdım. 2 ilə yaxın teatrda çalışdım. Daha sonra teatrı tərk etdim. Yəqin ki, bu da mənim cavanlığımdan irəli gəlirdi. Üz tutdum Mahnı teatrına. Rəşid Behbudov mənə sənətdə həm dəstək oldu, həm də təkan verdi. İndiki vaxtda isə musiqiyə daha çox bel bağlamıram, yenidən teatrı seçdim. Teatr mənim üçün hər şeydir. 6 ildir ki, artıq teatrdayam. Bizim teatrda hamı bir-biri ilə mehribandır" deyə müğənni bildirib.

Almaz Ələsgərli daha sonra nənəlik sevincini bizimlə bölüşüb.

"Nənəlik gözəl hissdir, Allah hamıya qismət etsin. Nənəyəm, bununla da qürur duyuram. Bəzən cəmiyyətə baxıram. Sonda insana yenə də qalan ailəsi olur. Ailənizi qoruyun. Çünki balalar sənə, sən də onlara qalırsan. Hər şey boşdur bu həyatda. Övladları elə tərbiyə etmək lazımdır ki, sabah biz qocalanda yalnız onlara möhtac olanda, onlar da bizə baxsınlar" deyə müğənni bildirib.

Milli.Az