Putin Paşinyana ilk zərbəsini vurdu: Pelosinin 120 milyonluq səfərindən kim qazandı

20 Sentyabr 2022 21:52

Rəsmi Bakı erməni toplumuna Cənubi Qafqazda ABŞ-ın və ya Nensi Pelosinin deyil, məhz Azərbaycanın geopolitik iradəsinin hegemon olduğunu dərhal xatırlatdı... Kreml isə Paşinyan hakimiyyətinin Rusiya və KTMT-ya qarşı irəli sürdüyü "müttəfiqlik öhdəliklərinin yerinə yetirilməməsi" ilə bağlı ittihamlarına, həm üçtərəfli anlaşmaları qabartmaqla, həm də, "mübahisəli ərazilər" terminini gündəmə gətirməklə, sərt cavab verdi...

Ermənistan cəmiyyəti çaşqın vəziyyətdədir. Hətta elə vəziyyət yaranıb ki, erməni toplumu nəyə sevinib, nəyə kədərlənəcəyini belə, doğru-düzgün müəyyən edə bilmir. Belə vəziyyətsə, Ermənistan cəmiyyətində qeyri-müəyyən situasiyanı daha da dərinləşdirir.

Məsələ ondadır ki, son bir neçə gün ərzində erməni toplumu ABŞ Konqresinin aşağı palatasının spikeri Nensi Pelosinin Ermənistana həm müəmmalı, həm də qalmaqallı səfərinin təsiri altındaydı. Hətta bu səfərdən cəmisi bir neçə gün öncə Ermənistanın sərhəd bölgəsində törətdiyi hərbi təxribatlara cavab olaraq, Azərbaycan ordusunun sarsıdıcı "dəmir yumruq" zərbəsi endirdiyini unutmağa başlamışdı. Rusiyaya qarşı propoqandanın fonunda erməni toplumu ABŞ-ın Ermənistanı xilas edəcəyinə inanmaq üzrəydi.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ancaq hər şey birdən-birə dəyişdi. Üstəlik, rəsmi Bakı atdığı bir addımla hər şeyi öz yerinə qaytardı. Belə ki, erməni toplumu amerikalı "küpəgirən qarı"nın səfərindən və verdiyi vədlərdən "məst olduğu" bir vaxtda Ermənistan KİV-ləri məlumat yaydı ki, Azərbaycan 95 erməni hərbçinin cənazəsini təhvil verəcək. Bununla da, "Pelosi səfəri"nin yaratdığı ruh yüksəkliyi bir anda yerini bədbin əhval ruhiyyəyə verdi.

Belə anlaşılır ki, Ermənistan cəmiyyətinin "Pelosi səfəri"ndən aldığı "müsbət enerji" cəmisi bir gün üçün yetərli oldu. Ardınca rəsmi Bakı erməni toplumuna Cənubi Qafqazda ABŞ-ın və ya Nensi Pelosinin deyil, məhz Azərbaycanın geopolitik iradəsinin hegemon olduğunu xatırlatdı. Və indi Ermənistan cəmiyyəti "Pelosi səfəri"nin həm faydalarını, həm də zərbələrini müzakirə etmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı olduqca önəmli məqamlar artıq ortaya çıxmağa başlayıb. Məlum olub ki, bu səfər erməni toplumuna çox baha başa gəlib. Yəni, amerikalıların əvəzini almadan, heç vaxt kiməsə nəsə vermədikləri növbəti dəfə təsdiqlənib. Bəzi erməni mənbələri Nensi Pelosinin Ermənistana səfərinə nail olmaq üçün nə az, nə çox, düz 120 milyon dollar xərcləndiyini iddia edirlər.

Ermənistan üçün bu fantastik məbləğin 75 milyon dollarının erməni milyarder Ruben Vardanyan tərəfindən ödəndiyi bildirilir. R.Vardanyan əvvəlcə 50 milyon dolları N.Pelosinin də təmsil olunduğu ABŞ-ın Demokratlar Partiyasının noyabrda keçiriləcək seçkilərlə bağlı təbliğat kampaniyasına ianə edib. Erməni milyarder geri qalan 25 milyon dolları da N.Pelosinin Ermənistana səfərinin təşkilinə, təhlükəsizlik tədbirlərinə və s. önəmli məsələlərin həllinə xərcləyib.

Nəhayət, 45 milyon dollar da ABŞ-da yaşayan erməni diasporu tərəfindən sərf edilib. Erməni mənbələri iddia edirlər ki, bu məbləğ N.Pelosini Ermənistana gəlməyə razı salmaq üçün ona yaxın müxtəlif lobbi qruplarına, eləcə də, amerikalı "küpəgirən qarı"nın özünə verilib. Nəticədə N.Pelosinin cəmisi bir günlük İrəvan səfəri ermənilərə 120 milyon dollara başa gəlib.

N.Pelosinin belə bahalı səfərinin Ermənistana hansı dividentləri gətirdiyi isə hazırda ən maraqlı mövzudur. Qısaca, onu deçək olar ki, bu qalmaqallı səfər Ermənistana geopolitik müstəvidə demək olar ki, heç nə qazandırmayıb. Əksinə, həm Rusiya ilə münasibətlərdəki çatlar daha da dərinləşdi, həm də N.Pelosinin İranə leyhinə eyhamları nəticəsində rəsmi Tehranla əlaqələrin üzərinə kölgə salındı.

Ancaq bu səfərdən maksimum səviyyədə faydalanmaq şansı qazananlar da olmamış deyil. Belə ki, N.Pelosinin İrəvan səfəri hamıdan daha çox Paşinyan hakimiyyətinin işinə yaradı. Hər halda, ermənilərin "amerikalı nənə"sinin gəlişinə qədər devrilmək təhlükəsi qarşısında olan Paşinyan hakimiyyəti indi özünün daha rahat hiss edir.

Məsələ ondadır ki, Ağ Ev Rusiyaya bağlı radikal siyasi düşərgəyə "Sorosun uşaqları"nın arxasında olduğunun açıq mesajını vermiş oldu. Paşinyan hakimiyyətinin həm açıq və həm də səhnə arxasından yönəltdiyi Rusiya əleyhinə propoqandanın fonunda, N.Pelosinin İrəvana gəlişini təşkil etmiş və maliyyələşdirmiş erməni diasporunun mövqeyi də öz effektini göstərdi. Və nəticədə Rusiyadan təlimat alan radikal erməni siyasi qüvvələri müvəqqəti də olsa, geri çəkilmək məcburiyyətində qaldılar.

Təbii ki, bütün bunlarla müqayisədə Ermənistanın geopolitik itkiləri daha təhlükəli məzmun daşıyır. N.Pelosinin İrəvan səfəri indi Rusiyanın Cənubi Qafqaz siyasətinin yenilənməsinə və nisbətən dəyişməsinə yol açıb. Kremlin Paşinyan hakimiyyətinin xəyanətini Ermənistana ödətmək niyyətinə düşdüyü müşahidə olunur. Və bunu Rusiya prezidenti V.Putinin son silahlı toqquşmalarla bağlı açıqlamasından da dəqiqləşdirmək mümkündür.

Məsələ ondadır ki, Kreml sahibi əvvəlcə Azərbaycan və Ermənistanı problemləri sülh danışıqları ilə həll etməyə çağırıb. Ardıncasa, yenidən üçtərəfli anlaşmaları xatırladıb. Prezident V.Putin hər iki tərəfin atəşkəs rejiminə riayət etməsinin, üçtərəfli anlaşmaların tələblərini tam şəkildə yerinə yetirməsinin vacibliyini vurğulayıb: "Mübahisəli ərazilərlə bağlı məsələlərin həlli üçün açar rolunu Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyalar çərçivəsində birgə fəaliyyət oynaya bilər".

Göründüyü kimi, Kremlin mövqeyində rəsmi İrəvanı məyus edəcək məqamlar var. Rusiya bir tərəfdən, üçtərəfli anlaşmaların vacibliyini vurğulayır. Digər tərəfdənsə, "mübahisəli ərazilər" terminini ön plana çəkir. Halbuki, son vaxtlar Rusiya hər iki tərəfi delimitasiya və demarkasiya prosesinə başlamağa çağırırdı. İndisə, Kreml "mübahisəli ərazilər"in olduğunu rəsmən tanıdığını biruzə verir. Böyük ehtimalla bu, Paşinyan hakimiyyəti tərəfindən, Rusiya və KTMT-ya qarşı irəli sürülmüş "müttəfiqlik öhdəliklərinin yerinə yetirilməməsi" ilə bağlı ittihamlara cavabdır.

Milli.Az