Avando.az saytının təqdimatı olub - VİDEO - FOTO

20 Sentyabr 2022 17:00

Peşə təhsili ilə karyera qurmaq mümkündürmü? Azərbaycanda peşə ixtisaslı gənclərə iş tapmaq çətindirmi? Bu və digər bu kimi sulları karyera mütəxəssisləri, şirkət nümayəndələri və təhsil ocaqlarının təmsilçiləri Avando.az veb portalının təqdimetmə mərasimində cavablandırmağa çalışıblar. 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə yaradılmış Avando.az işəgötürənlər və iş üçün müraciət edən namizədlər arasında körpü rolunu oynayır  və işə qəbul və təlimə müraciətlərin idarə olunması üçün rəqəmsal həllini təklif edir.

Burada namizədlər  "Vakansiyalar", "Təlimlər" bölmələrinə daxil olaraq mövcud elanları görə bilir, elan haqqında ümumi məlumat əldə edir və portaldan şəxsi profilini yaradaraq öz müraciətlərini edə bilirlər. Həmçinin iş axtaranlar əvvəlcədən daxil edilmiş siyahıdan vakansiyaya, yaxud qatılmaq istədikləri təlimə aid sahələri, əmək haqqını və bacarıqları da seçə bilirlər. 

İş axtaranlar "CV yüklə" düyməsini basaraq şəxsi məlumatlarını PDF fayl vasitəsilə də yükləyə bilərlər.  Doldurulmuş profil üzrə namizədə sistem tərəfindən müxtəlif iş təklifləri də göstərilir. Şirkətin işəgötürmə prosesinə cavabdeh şəxsləri isə yeni vakansiyalar olduğu zaman lazım olan parametrlərə uyğun namizədləri filterlər vasitəsilə seçə, nəticələri excell-ə eksport edə bilərlər.  Bundan əlavə, portalda yer alan "Vakansiyalar" bölümündə saytda olan bütün vakansiyaları görmək mümkündür. 

Tədbirdə Təhsilin İnkişafı Fondunun sədri, Elnur Nəsibov, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinin müdir müavini Nigar İsmayılzadə-Əsgərova, o cümlədən peşə təhsili və məşğulluq sahəsində ixtisaslaşan digər mütəxəssislərin çıxışları yer alıb. 

Avando.az gələcəkdə namizədlər və elanlarla bağlı sıx baş verən itkilərin qarşısını almağa hədəflənib. İş üçün müraciət edənlər indi seçim mərhələlərini şəxsi profilində izləyərək tam şəffaf prosesi izləyə biləcəklər. Toplanan məlumat bazası isə  uzunmüddətli plan və strategiya istiqamətində aparılan işlər üçün vacib rol oynayacaq.

İşiniz avand olsun!