Universitetlər koronavirusa qarşı dezinfeksiya edilir?

20 Sentyabr 2022 15:48

15 sentyabrdan Azərbaycanda yeni tədris ili başlayıb.

Azərbaycanda fəaliyyət göstərən universitetlərdə dezinfeksiya işlərinin aparılıb-aparılmamasını öyrənmək məqsədi ilə bir sıra ali təhsil müəssisələri ilə əlaqə saxladıq.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova Trend-ə bildirib ki, tədris ili ərzində universitetin daxili və həyətyanı sahəsi mütəmadi olaraq dezinfeksiya olunur. COVID-19 pandemiyası dövründə dezinfeksiya tədbirləri daha intensiv xarakter alıb. Əlbəttə ki, 2022/2023-cü tədris ilinə hazırlıqla bağlı da universitetin bütün auditoriyalarında, eləcə də digər ərazilərində dezinfeksiya işləri aparılıb.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Quliyeva Trend-ə bildirib ki, təhsil müəssisəsində COVID-19 pandemiyası dövründə dezinfeksiya tədbirləri müntəzəm aparılır. Tədris ili başlamamışdan bütün auditoriyalarda dezinfeksiya işləri aparılıb.

Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova bildirib ki, UNEC-in bütün tədris binalarında müvafiq sanitar-gigiyenik normalara əməl edilir, mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Dəhlizlərdə, universitet binasına girişdə, eləcə də auditoriya və tədbir zallarında xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Covid 19 əleyhinə peyvəndi olmayan 18 yaşınadək şəxslərin universitetə girişi məhdudlaşdırılıb.

Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, tədris binalarında müvafiq sanitar-gigiyenik normalara əməl edilir, mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, dünənə olan məlumata görə, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 70 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.

Milli.Az