İrəvanın ÖLÜM ZƏNGİ çalınır - Ermənilər Bakıya sığınmaq istəyir

20 Sentyabr 2022 14:51

Amerika tərəfinin təşəbbüsü ilə ötən gün Nyu-Yorkda Ararat Mirzoyan, Entoni Blinken və Ceyhun Bayramovun üçtərəfli görüşü keçirilib. Rusiya və Avropa İttifaqının ardınca ABŞ-ın belə bir təşəbbüs göstərməsinin səbəbi məlumdur: Regionda baş verən son geosiyasi gərilimdən istifadə edib vəziyyəti ələ almaq.

Amma ABŞ-ın planı tək bununla kifayətlənəcək kimi görünmür, Vaşinqtonun Cənubi Qafqaz regionu ilə bağlı planları daha böyükdür. Bunu xüsusilə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvan səfəri zamanı səsləndirdiyi bəyanatlar, Ermənistana verdiyi vədlər deməyə əsas yaradır.

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşdən sonra mətbuata "Həm Paşinyanla, həm də Əliyevlə son zənglərimdə hər iki lider mənə sülhə hazır olduqlarını bildirdilər. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur" açıqlamasını çox önəmli mesajlar toplusu da adlandıra bilərik.

Blinkenin sözlərindən belə nəticə çıxdı ki, ABŞ bölgədə münaqişəli vəziyyətin daha da uzanmasında istəklidir, sülhün əldə olunmasına qarşıdır. Çünki ABŞ da çox yaxşı bilir ki, 10 noyabr üçtərəfli bəyanatından artıq 2 ilə yaxın vaxt ötməsinə baxmayaraq, İrəvan bu zamana kimi üzərinə götürdüyü öhdəlikləri icra etməmək üçün geridə qalan bu müddət ərzində müxtəlif manipulyasiyalara əl atdı, destruktiv mövqeyindən bir an olsun belə geri çəkilmədi. 

Təəssüf ki, ABŞ tərəfinin təşəbbüsü ilə Nyu-Yorkda Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında üçtərəfli görüşün baş tutması nə qədər yaxşı hal kimi görünsə də, danışıqlar prosesi ilə hər hansı bir irəliləyişin əldə olunmayacağını indidən proqnozlaşdırmaq bir o qədər yaxşı heç nəyin olmayacağı mesajını verir. İlk dəfə Blinkenin yanında Azərbaycan tərəfi Ermənistanın nə etməli olduğunu və bölgədəki sülhün hansı öhdəlikləri yerinə yetirilməsi ilə təmin olunacağını qeyd etsə belə Blinkenin açıqlamasın bizə ölmüş ATƏT-in Minsk Qrupunun vaxtı ilə verdiyi bəyanatları xatırlatdı. Buradan da bir daha belə nəticə çıxır ki, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi 30 ilə yaxın həll edə bilmədiyi münaqişədə Minsk Qrupu tərkibində hansı obrazı oynadısa, indi də həmin fəaliyyətə həyat vermək niyyətindədir. 

Şübhəsiz ki, indi ABŞ xüsusilə Nensi Pelosinin kəşfiyyat xarakterli İrəvan səfərindən sonra Ermənistanda Rusiyaya qarşı artan narazı kütlədən, rəsmi İrəvanın qərbyönlü siyasətindən çox yaxşı xəbərdardır. Pelosinin İrəvana səfərindən sonra uzun illərdir Rusiyanın forpostu olan Ermənistana qarşı rəsmi Moskvada çox böyük qıcığın meydana gəldiyini də nəzərə alsaq, demək ki, Vaşinqton fürsətdən yararlanaraq Azərbaycanla Ermənistan arasındakı münasibətin tənzimlənməsi məsələsini üzərinə çəkərək regionda yeni bir geosiyasi sferanı formalaşdırmağı hədəfləyir. 

Gürcüstanın ardınca, Ermənistanı da Rusiyanın orbitindən tamamilə çıxarmaqla öz qanadı altına salmağı planlaşdıran ABŞ, Kremlə bununla da növbəti zərbəni Şərqi Avropanın ardınca Cənubi Qafqaz regionunda vurmaq haqda düşünür. Şübhəsiz ki, Ermənistanın ABŞ-a satılması, onu vaxtı ilə bu regiona gətirən, dövlət edən, uzun illərdir onu qoruyan, çökməsini, bir dövlət kimi məhv olmasını hər dəfəsində əngəlləyən Rusiya üçün böyük xəyanətdir. 

Ermənistan Moskvadan qurtulmağı xilası kimi görsə də, əslində ən böyük dayağını itirmək təhlükəsi ilə üz-üzədir. Bunu Rusiya telekanallarında uzun illərdir erməni mövqeyindən çıxışları ilə diqqət çəkən analitiklərin, aparıcıların artıq Ermənistanı "satqın" obrazında təqdim etmələrindən daha yaxşı anlamaq mümkündür. Bir gündə Rusiyanın 1-ci telekanalının "Ermənistanda mübahisəli ərazilər var" başlığı adı altında süjeti, Rusiyanın birinci dərəcəli dövlət müşaviri, "Regnum" xəbər agentliyinin baş redaktoru Modest Kolerovun "Zəngəzurda yaşayan 40 min ermənidən 7,5 mini artıq bölgəni tərk edib. Belə davam etsə, əhali gedəcək, Zəngəzur boş qalacaq. Yerli erməni əhalisi olmadığı halda, yeganə həyat əlaməti azərbaycanlıların Naxçıvana tranziti olacaq, bu da Azərbaycan polisinin iştirakı ilə həyata keçiriləcək" açıqlaması və s. deməyə əsas verir ki, Kreml Ermənistanın bu qərarını bağışlayacaq kimi görünmür.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri "Ermənistanın müstəqilliyinə və suverenliyinə hücum edilib", "ABŞ Konqresi adından Azərbaycanın Ermənistan ərazisinə hücumlarını qətiyyətlə pisləyirik", "ABŞ hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini təsdiqləyib və Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb", "Azərbaycanın "Artsax"ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi bizim diqqətimizdədir" kimi bəyanatlar səsləndirməsinin də əsas səbəbi rəsmi İrəvanla yanaşı, erməni xalqının da Qərbə inteqrasiyası məsələsini daha da sürətləndirmək idi. Bütün bu proseslərin ardınca Ermənistan tərəfinin etdiyi açıqlamalar, yerli kütlənin sosial media seqmentindəki mövqeyindən bir daha anlaşılır ki, Vaşinqton istəyinə doöru ciddi addım atdı. 

Reallıq ondan ibarətdir ki, Ermənistan onun taleyini bəlirləyəcək çox böyük riskə yol verdi. Rəsmi İrəvan təhlükəsizliyi məsələsini qarşı cəbhələrdəki böyük güclər arasında "hərrac"a çıxarmaqla, regionun müqəddəratına qarşı da bir kamikadze mövqeyi sərgilədi. Ermənistan beləcə, növbəti dəfə həm ölkənin, həm də regionun taleyi ilə oynamağı seçdi.

Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan höküməti 10 noyabr üçtərəfli bəyanatına əsaslanaraq üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək, sülh yolunda böyük addım olacaq Qarabağı Azərbaycan ərazisi kimi tanımaq əvəzinə, regionun kamikadzesinə çevrilməyi prioritet hesab etdi. Təəssüf ki, Ermənistanın oynadığı bu oyunda istəsək də, istəməsək də biz də iştirakçı olacağıq. Lakin bizim bu oyunun nəticəsini təyin edən iştirakçı olub-olmadığımızı isə yaxın gələcəkdə bütün dünya görəcək. Amma indidən bir məsələ bəllidir: Ermənistan özünün başlatdığı bu oyun bitmədən məhv olacaq. 

Ermənistanın bütün bu oyunları Qarabağın "statusu", qondarma "Artsax"ın mövcudluğunun qorunması üçün olsa da, anlamalıdır ki, Azərbaycan artıq Qarabağdakı vəziyyəti böyük mənada həll edib. Araik Arutyunyanın Qarabağda yaşamaq və problemlərini həll etmək üçün Azərbaycanın qapısını döyməyə məcbur olduqlarını, bunu mövcud reallıqların tələb etdiyini deməsi Ermənistana ziyanın yarısından dönmək üçün önəmli mesaj ola bilər. Bakının Qarabağdakı erməniləri asılı vəziyyətə salmaq üçün fəaliyyəti isə hər gün daha da effektivləşir. Buna misal olaraq Laçın dəhlizinə alternativ yolu göstərə bilərik ki, məhz bu yolun istifadəyə verilməsindən sonra rəsmi Bakının sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilərə təsir rıçaqları daha da güclənib.

Təhməz Əsədov
Milli.Az