Sağalıb xidmətə geri dönəcəyəm - Trend-in çəkiliş qrupu yaralı hərbçilərimizlə görüşdü - VİDEO - FOTO

19 Sentyabr 2022 18:28

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend-in çəkiliş qrupu hərbçilərin müalicə aldığı hospitalda olub. Düşmən təxribatının qarşısını alarkən yaralanan hərbçi İlknur Əliyev bildirib ki, düşmən sentyabr ayının 12-də sərhəddə təxribata əl atdı: "Həyəcan siqnalı ilə hərbi hissəmiz tam döyüş vəziyyətinə gətirildi. Düşmənin layiqli cavabını verdik. Mən də döyüşlərdə iştirak etdim. Düşmən təxribatının qarşısını alarkən yaralandım. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə bizə xüsusi diqqət və qayğı göstərilir. Günü-gündən səhhətim yaxşılaşır. Sağalıb xidmətə geri dönəcəyəm".

Digər yaralı hərbçimiz Əli Aslanov isə Trend-ə deyib ki, ordumuz düşmən təxribatına layiqli cavab verdi. Bundan sonra da düşmənin başını əzməyə hər zaman hazırıq.

Yaralı hərbçimiz Tələt Nəsirov da qeyd edib ki, düşmənin təxribatına layiqli cavab verilib, şəhidlərimizin qisası alınıb: "Düşmənin postları tərəfimizdən məhv edildi. Möhkəmlənmə işi apararkən düşmən artilleriya atəşi açdı. Bu zaman qəlpə yarası aldım. İnşallah sağalandan sonra da vətənimizi qorumağa hər zaman hazıram. Həkimlərdən çox razıyam. Bizim sağlamlığımız üçün hər nə lazımdırsa, edirlər".

Düşmən təxribatının qarşısını alarkın yaralanan digər hərbçimiz Əmrah Əliyev: "Düşmənin təxribatını alarkən yaralandım. Buna baxmayaraq, döyüşməyə davam etdim. Bizim bir məqsədimiz var idi, düşməni darmadağın etmək. Bunu da bacardıq".

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının tibb xidməti polkovnik leytenantı Səlahəddin Təhməzov Trend-ə bildirib ki, mərkəzdə müalicə alan yaralıların vəziyyəti yaxşılaşmağa doğru gedir. Müraciət edən yaralıların bir qisminin vəziyyəti yüngül və yaxşı olduğu üçün artıq onlar xidməti yerlərinə dönüblər. Bir qismi əməliyyat olunub, digərlərinin isə müalicələri davam etdirilir. Əməliyyatlar uğurlu keçib.

Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, döyüş əməliyyatlarında yaralanan və xəsarət alan hərbçilərimizə tibbi xidmət daima yüksək səviyyədədir. Təminat dünya standartlarına tam cavab verir. Ən müasir avadanlıqlar və peşakar tibbi personalımız hərbi qulluqçularımıza lazım olan tibbi xidməti göstərməyə tam imkan verir.

İstər Aprel döyüşlərində, istər Vətən Müharibəsində, eyni zamanda "Qisas" və "Qətiyyətli" cavab əməliyyatları dövründə də hərbi tibbimiz gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərib. Cənab Prezident İlham Əliyevin, Müdafiə nazirliyi rəhbərliyinin tapşırığına əsasən hərbi tibb xidmətinin bütün personalı daima hərbi qulluqçularımızın yanında və xidmətində olur.

Azad olunmuş ərazilərimizdə və döyüş əməliyyatlarına yaxın yerlərdə modul tipli və səyyar səhra hospitalları yaradılmışdı. Sentyabrın 12-i gecə saatlarında ermənistan silahlı qüvvələrin geniş miqyaslı təxribatlar törətməsi xəbəri alındıqdan dərhal sonra həmin əraziyə tibbi avadanlıqlar və həkim personalı göndərildi və hər istiqamətdə modul tipli hospital yaradıldı. 13 sentyabrda artıq həmin tibb müəsisələri tam gücü ilə fəaliyyət göstərirdi. Döyüş toqquşmasında və cavab əməliyyatları zamanı döyüş meydanından çıxarılan yaralılar təcili olaraq həmin tibb müəsisələrinə təxliyyə edilirdi.

Orada çeşidləndikdən, ilkin dianozlar qoyulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra yaralılarımız digər tibb müəssisələrinə hərbi təxliyə olunurdu. Burada da lazımı tibbi yardım göstərilir, müayinə və müalicə prosedurları həyata keçirlir. Bundan sonra isə zərurət yarandıqda daha ixtisaslı tibbi xidmət və reabilitasiya prosesi üçün bəzi yaralılar Bakı şəhərindəki hərbi hospitala göndərilir.

Milli.Az