Pelosinin fikirləri Azərbaycanla Amerika arasındakı münasibətlərə ciddi şəkildə təsir etməyəcək

19 Sentyabr 2022 14:34

"ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri bu ilin noyabrında Amerikada keçiriləcək seçkilərə hesablanıb".

Belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Elşad Həsənov "OLAYLAR"-a deyib ki, bu səfərdə Birləşmiş Ştatlardakı erməni lobbisinin də xüsusi fəallığı olub: "Məlum olduğu kimi Birləşmiş Ştatlarda güclü erməni lobbisi var. Ona görə də siyasilər həmişə Amerikadakı erməni lobbisinin səsi uğrunda mübarizə aparır".

Elşad Həsənov bildirib ki, səfər zamanı Nensi Pelosinin səsləndirdiyi fikir və bəyanatlar da heç bir önəm daşımır: "Bu gün Ermənistan siyasiləri yolun ortasında qalıblar. Müəyyən edə bilmirlər ki, Rusiyaya, yoxsa Amerikaya istiqamət alsınlar. Paşinyan onu hakimiyyətə gətirən SOROS Fondu və Amerikaya meyilli görünsə də, lakin əhalinin əksər hissəsi Rusiya ilə əlaqələri gücləndirmək istəyir. Yəni, Ermənistanda ikili qüvvələr mövcuddur. Rusiya və Amerikanı, Qərbi istəyən qüvvələr".

Ekspert qeyd edib ki, Nensi Pelosinin İrəvanda səsləndirdiyi bir sıra fikirlər heç də Azərbaycanla Ermənistan arasında sülh mühitinin yaradılması, münasibətlərin normallaşdırılmasına xidmət etmir: "Əksinə bu prosesləri pozmağa hesablanıb. Ancaq bütün halda onu da nəzərə almaq lazımdır ki, Nensi Pelosi vəzifə pilləsi baxımından Amerikada üçüncü bir şəxs hesab olunsa da, ümumilikdə onun mövqeyi Ağ Evin, Dövlət Departamentinin mövqeyi demək deyil. Ona görə də Pelosinin fikirləri Azərbaycanla Amerika arasındakı münasibətlərə ciddi şəkildə təsir etməyəcək. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq Amerika üçün strateji tərəfdaşdır. Sadəcə Amerika siyasiləri Ermənistanı Rusiyanın siyasi dairəsindən çıxarmaq üçün canfəşanlıq edirlər. Ancaq hesab edirəm ki, bu da mümkün deyil".

Milli.Az