Düşmən sərhəddə darmadağın edildi: YENİ TƏFƏRRÜAT

19 Sentyabr 2022 12:55

44 günlük Vətən Müharibəsində Ermənistanı məğlub edən Azərbaycan Ordusu sərhəddə növbəti dəfə düşmən ölkənin təxribatının qarşısını aldı. Və bu dəfə də biabırçı və ağır məğlubiyyətə düçar olan düşmən hələ də itkilərini sayıb qurtara bilməyib. Nəticədə nə gördük - cəmi bir neçə saat sürən əməliyyat və düşmənin yüzlərlə canlı qüvvə sarıdan itkisi, hərbi texnikanın məhv edilməsi. Bəli, Ermənistan və havadarları anlamalıdlrlar ki, təxribatları bitmirsə, Azərbaycan cavab vermək məcburiyyətində qalır. Son olay ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirilən təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha nümayiş etdirdi.

Azərbaycanla sərhəddə törədilən son təxribata verilən cavab növbəti dəfə Silahlı Qüvvələrimizin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını göstərdi. Əldə olunan uğuru ordumuzun ünvanına qürur hissi ilə yaza bilərik. Bir daha sübut olundu ki, Azərbaycan ordusu istənilən döyüş tapşırığını əzmlə yerinə yetirmək gücünə malikdir. Son erməni təxribatı Azərbaycan Ordusunun yüksək peşəkarlığının pik nöqtəsi oldu desək, sözsüz ki, yanılmarıq. Gecə şəraitində yüksək dağlıq ərazidə peşəkar hərbi əməliyyat hərbi dərsliklərə düşəcək. Belə ki, gecə şəraitində 3000 metr dağlıq ərazidə aviasiya cəlb olunmadan hərbi əməliyyatın aparılması kimi hərbi imkanlar heç əksər NATO ölkələrində yoxdur.  Ermənistanın illər uzunu gücləndirilmiş bunkerləri və postları qısa müddətdə neytrallaşdırıldı. Yüksək peşəkarlığın nəticəsidir ki, Ermənistanın itkiləri və yaralı sayı qat-qat çoxdur. Şəhid və yaralanan zabit və əsgərlərimizin olması isə onların güllə yarasına tuş gəlməsi ilə bağlıdır. Bu da yaxın məsafadə döyüşün baş verməsindən xəbər verir.

Xeyli vaxtdır Ermənistan ordusunun cəbhədəki itkilərinin sayı getdikcə artmaqdadır. Bu, onunla əlaqədardır ki, Azərbaycan əsgəri öz Vətənini ayıq-sayıqlıqla, mətinliklə qoruyur. Çünki Azərbaycan əsgəri öz hüququnun keşiyindədir, bu Vətən onun Vətəni, bu torpaq onun torpağıdır. Erməni xalqı, Ermənistan əsgəri artıq anlamalıdır ki, Qarabağ heç vaxt onların torpağı olmayıb və olmayacaq. Buna görə Ermənistan cəbhədə hədər yerə xeyli sayda itki verir. Düşmən dərk etməlidir ki, Azərbaycan işğal altındakı torpaqları nə yolla olur-olsun azad edəcək.

34 illik Ermənistanla mövcud olan vəziyyət və 26 il davam edən danışıq prosesləri də göstərdi ki, ermənilərin getdikcə ölkəmizə qarşı miqyası daha da artan ərazi iddialarının qarşısını almaq sülh yolu ilə mümkün deyil. 

Kamran Seyidov
Milli.Az