Səlim Müslümovun adamları cənazə maşını sürənin adına şirkət yaradıb

19 Sentyabr 2022 21:11

Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin icraatında baş tutan prosesdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsində baş mühasibi işləmiş Ülviyyə Məmmədova ifadə verib.

O bildirib ki, sözügedən şöbədə 2012-2019-cu illərdə baş mühasib işləyib. Qeyd edib ki, şöbənin müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını icra edib: "Mən Şəlalə Cəfərovanın qəbulunda oldum. Mənə dedi ki, nə desəm, onları icra edərsən".

Şahidin sözlərinə görə, təşkilat və müəssisələrlə müqavilələr bağlayıb, müəyyən məbləğdə pulları yığaraq Şəlalə Cəfərovaya verib: "Pulları ona iş otağında vermişəm. Verdiyim məbləğlər yadımda qalmayıb".

Daha sonra ifadə verən şahid Nəzakət Kərimova deyib ki, Respublika Əlillərinin Bərpası Mərkəzində baş mühasib işləyib. Bir neçə şirkət yaradıb, sonradan həmin şirkətlərlə müqavilə bağlayıblar: "Bu şirkətlər tenderlərdə qalib olub. Əlavə gəlirləri isə 20-30 faiz olub. Həmin əlavə gəlirləri bərpa mərkəzinin rəhbərinə vermişəm".

Şahid qeyd edib ki, rəhbərliyin göstərişi ilə qızı Könülün adına "Röya -2014" MMC təsis ediblər: "Bərpa mərkəzinin rəhbəri İlqar Qurbanovun tapşırıqlarını icra etmişəm. Yalnız tapşırıqlar əsasında iş görülüb, başqa əlavə əməliyyatlar aparılmayıb. Bütün işlər qanun çərçivəsində olub. Daha bu işlərlə məşğul deyiləm. MMC-lər də fəaliyyətini dayandırıb".

Daha sonra Nəzakət Kərimovanın qızı Könül Xudiyeva ifadə verib. O deyib ki, adına "İnci 2014" MMC, "Röya 2014" MMC və "Buğday 2014" MMC yaradılıb: "Bu şirkətləri yaratmaqda məqsədimiz yaşayış tərzimizi yaxşılaşdırmaq olub. Şirkətlərimiz nazirliyin elan etdiyi tenderlərdə qalib gəlib. Bu işlərin görülməsi üçün anama etibarnamə vermişəm. Anam da mənim adımdan açılan şirkətləri idarə edib. Mənim heç nədən xəbərim yoxdur".

Könül Xudiyeva deyib ki, hazırda gözəllik salonunda işləyir. Hakimin "üç şirkətin sahibi gedib gözəllik mərkəzində işləyir?" sualına şahid heç bir cavab verməyib.

Daha sonra şahid Ənvər Məhərrəmov bildirib ki, əvvəllər taksi sürücüsü işləyib, hazırda isə cənazə maşını sürür. Sualları cavablandırarkən şahid deyib ki, Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqların alınmasına görə saxta şirkətlərdən bir neçəsi onun adına təsis edilib: "Mənim dostum Vüqar bu şirkətləri adıma açmağı təklif etdi. Ondan soruşdum ki, problem olmaz? Dedi ki, heç bir problem olmayacaq. Bundan sonra razılıq verdim. Bu işləri Vüqarın əmisi Mirsahib görüb. Mənim işlərdən xəbərim olmayıb".

Şahid Mirsahib Həsənov deyib ki, əlaqələndirici olub, dost-tanışının şirkətlərilə əməkdaşlıq edib. Bu şirkətlər vasitəsilə xaricdən əlil arabaları alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müəssisələrə satılıb.

Özü kitabşünas olduğu halda əlil arabalarının alışı-satışıyla məşğul olmasının səbəbi haqda sualı cavablandıran Mirsahib Həsənov bildirib ki, bu prosesdə ona da qazanc qalırdı: "Bəzən 5 faiz qalırdı, bəzən 10 faiz. Nə olsa, razılaşırdım".

Həsənov əlavə edib ki, əlil arabalarının satışı məsələsində nazirliyin satınalmalar sektorunun müdiri Dəyanət Fərəcovla əməkdaşlıq edib.

Növbəti proses sentyabrın 26-da davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Milli.Az