7 saatlıq döyüşlərin sirri açıldı - ermənilərin “nənə”sinin göz yaşlarının “şifrəsi”

19 Sentyabr 2022 11:22

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ötən ay sosial şəbəkədəki şəxsi hesabında maraqlı bir paylaşım etmişdi. 1998-ci ildə ABŞ Konqresinin bir qrup ermənipərəst nümayəndəsinin Azərbaycana səfərini xatırladan eks-nazir qeyd etmişdi ki, onlar azərbaycanlı məcburi köçkünlərlə görüşdən imtina edibmişlər.

Sitat: "Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda qərara alındı ki, mən və Qaçqın və Məcburi Köçkünlər üzrə Komitənin sədri Əli Həsənov onları təyyarənin trapında qarşılayacaq və məcburi köçkünlər üçün çadır düşərgəsinə aparacaq helikopterə minməyi qətiyyətlə təklif edək. İmtina edənləri isə biz jurnalistlərin "öhdəsinə" buraxmalı idik. Pelosi və digər konqresmenlər helikopterlə uçdular, Pallone öz həyat yoldaşı ilə açıq, qətiyyətlə imtina etdi. Daha sonra bu haqda bütün mətbuat - həm ölkə, həm də xarici mətbuat yazırdı. Pelosi məcburi köçkünlərin yaşayış şəraitini görəndə hətta göz yaşlarını saxlaya bilmədi".

Hazırda İrəvanda olan, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin qondarma "soyqırım"a yas tutub, göz yaşı tökməsini seyr edəndə Tofiq bəyin dedikləri yadıma düşdü. İndi ortaya sual çıxır: hansı göz yaşları daha səmimidir, o, yoxsa bu? Bunu Pelosinin vicdanına buraxaq.

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, heç şübhəsiz ki, bu ermənipərəst qadın Konqresdəki seçkilərə hədəfləndiyi üçün hətta erməniləri də təəccübləndirəcək tövr nümayiş etdirdi. Heç dədəsi ölən belə ağlamır, 82 yaşlı qarı isə tarixdə olmayan "hadisə"yə qoyulmuş saxta abidənin qarşısında zır-zır hönkürürdü. Kadrlara diqqət edin, hətta onu Ermənistana dəvət edən, "Zvartnots" hava limanına enən təyyarənin trapında sevgililər sayağı qarşılayan, az qala qucaqlayan parlament sədri Alen Simonyan da ani olaraq donub qaldı: axı, özləri də bilirlər ki, heç bir soyqırım-filan olmayıb, boş şeylərdir.

Bəs, Simonyandan 40 yaş böyük Pelosiyə nə oldu belə?..

Xatırladaq, hətta ABŞ arxivlərində heç bir soyqırımın olmadığı barədə tutarlı faktlar var, bunu Reyqanın dövründə amerikan rəsmilər açıqlamışdılar, ermənilər dəfələrlə arxivlərə dəvət olunub... 2018-ci ildə İrəvana səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistana məsləhət görmüşdü ki, tarixi şablonlardan imtina etsinlər, əgər bölgədə rahat, sakit, təhlükəsiz həyatın davam etməsini istəyirlərsə... Hətta  "amerikalı qırğı" belə ermənilərə soyqırım nağılını bitirməyi məsləhət görmüşdü, Pelosi isə yaşının 82-də belə sönməkdə olan ocağın üstünə benzin səpməyə cəhd göstərdi, erməniləri qızışdırdı... Sözsüz ki, yalnız Konqresdəki hədəfdən, erməni diasporunun səsini və maliyyəsini qazanmaq istəyindən irəli gəlmir bu saxtakarlıq. Böyük sərvət sahibi olan və bu sərvətin mütləq əksəriyyətini elə erməni diasporunun hesabına "qazanan" qoca qarı budəfəki davranışları ilə qara pulları "yumağa" çalışdı. Belə baxanda Kim Kardaşyan daha "halal yolla" qazanırmış...

Eyni gündə demokrat konqresmen Eliss Slotkin bəyan edib ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdə Demokratlar Partiyasının nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir. Qoca qarı nəinki istefa haqda düşünür, hətta qan tökülməsinə rəvac vermək bahasına olsa da, kreslosunda möhkəmlənməyə çalışır. Bu yaşda adamlar adətən sülh, barış tərəfdarı kimi çıxış edir, ölüm gününü yada salıb, mehribanlığa səsləyir. Pelosi isə Azərbaycanı ermənilərə qarşı "qanunsuz hücumda" ittiham edir...

Amma bəlkə də ermənilərin "nənə"sinin açıq danışması işin xeyrinədir, qoy işimizi bilək. Baxın: "Bizim səfərin hədəfi Ermənistanın ABŞ-dan nə gözlədiyini anlamaq və necə yardım edə biləcəyimizi müəyyənləşdirməkdir. Biz Ermənistanın digər təşkilatlarla əlaqələrini şərh edə bilmərik. Qərarı Ermənistan verir, ancaq əgər Ermənistan belə bir qərar versə, biz kömək etməyə hazırıq". Məhz bu çağırışdan sonra İrəvanda KTMT əleyhinə aksiyalara başlanılması da təsadüfi deyil, düymə basılıb. Təsəvvür edin, Ermənistanın hazırkı dönəmdə rəhbərlik etdiyi qurumdan çıxmaqla bağlı proses başladılıb.

İndi aydın olur ki, Nikol Paşinyan Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvəsində iştirakdan niyə son anda imtina etdi... Erməniləri qucağına alacağını, onlara nağıl danışıb, noğul verəcəyini vəd edən nənələrinin xətrinə dəyəsi deyil. Əslində ondan əvvəl də başqa bir ABŞ rəsmisi İrəvanda ermənilərin könlünü xeyli xoş eləmişdi. Elə həmin günlərdə sərhəd toqquşmasının başlanması da səbəbsiz deyildi.

Bütün bu faktlar 7 saatlıq Sentyabr döyüşlərini hansı tərəfin başlatdığını ortaya çıxarır. ABŞ-ın İrəvandakı səfirliyində 2 min nəfərlik heyət boşuna oturmayıb ki... Ermənistandakı ABŞ laboratoriyalarında hazırlanıb bu plan. "Soros uşağı" Paşinyan bir daha ermənilərə sübut etmək istədi ki, Rusiya, KTMT onları bu dəfə də Azərbaycanla döyüşdə tək buraxdı və üz çevirib, Qərbə sarı getmək lazımdır. Əks təqdirdə, hətta Ermənistan parlamentinin sədri KTMT əleyhinə danışmazdı...

Beləcə, Pelosi və onun kimiləri növbəti dəfə qan saldılar, hər iki tərəf ağır itkilər verdi. Bu döyüşlərdən sonra oğlunun şəhid olması xəbərindən sonra azərbaycanlı atanın ürəyi partladı, erməni ata isə oğlunun qara xəbərini alandan sonra intihar etdi. Bax, Pelosi belə faciələri vəsf edir... Əgər vicdanı sızlasaydı, 2020-ci ilin oktyabrında Gəncəyə mərmilərin yağmasından, yatan yerdə körpələrin qətlə yetirilməsindən də danışardı. Danışmaz, çünki mahnının sifarişini ermənilərdən alıb...

Bunlar prosesin bitməsini istəmirlər, necə ki, "münaqişə bitməyib" deyib, Minsk Qrupunu diriltməyə çalışırlar. Amma məhəl qoymuruq, öz işimizə davam edirik. Tovuz döyüşlərindən sonra ABŞ Konqresi Ermənistanı İŞĞALÇI adlandırmışdı, nəticə nə oldu? Heç nə! Odur ki, Pelosinin sərsəmləmələrini də ürəyimizə salmayaq. Amma əsgərimiz postunda möhkəm dayandığı kimi, hər birimiz ayıq-sayıq olmalıyıq, diplomatiya, informasiya savaşı gedir. Əsl mübarizə indi başlayır! Budur, Fransa erməniləri də hərəkətə keçdi, Parisdəki səfirliyimizə hücum təşkil olundu. Türk düşmənləri hərəkətə keçib... Hədəfdə təkcə Azərbaycan deyil, həm də Türkiyədir, türk dövlətləridir. Türk qapısı olan Zəngəzur dəhlizinin açılmasına qarşı Ermənistan+ABŞ+İran koalisiyasının yaranması da sıradan məsələ deyil.

Milli.Az