Azərbaycan həlledici rol oynaya bilər - ABŞ-dan baxış

19 Sentyabr 2022 09:02

Azərbaycan Mərkəzi Asiya ölkələrini "Orta Dəhliz" adlanan (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TİTR) marşrutun rəqabət qabiliyyətinin artırılmasına töhfə verməyə çağırmaqda həlledici rol oynaya bilər.

Bunu Trend-ə ABŞ-ın Türkmənistandakı sabiq səfiri, "Trans-Caspian Resources" enerji startapının həmtəsisçisi və həmsədri Allan Mastard deyib.

"Orta Dəhliz çox əhəmiyyətli olmaq potensialına malikdir, lakin bunun üçün Mərkəzi Asiya ölkələri sərhəd problemlərini həll etməli və onu daha rəqabət qabiliyyətli etməlidirlər", - deyə A.Mastard bildirib.

Onun sözlərinə görə, Azərbaycan Orta Dəhliz, eləcə də Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyu yerləşən digər ölkələri sərhəd keçidlərində gecikmələrin azaldılması, tranzit malların gömrükdən sürətlə keçməsinə şərait yaratmaqla bu marşrutların əhəmiyyətini artırmağa cəlb etməkdə həlledici rol oynaya bilər.

Zəngəzur dəhlizi layihəsinə gəlincə, sabiq səfir qeyd edib ki, bu, əsasən mühüm regional nəqliyyat marşrutu kimi xidmət edəcək.

"Mən bunu Kanada boyunca ABŞ-ı Alyaska ilə birləşdirən avtomobil yolu ilə müqayisə edirəm, çünki Alyaskaya yüklərin çoxu dəniz və ya boru kəməri ilə daşınır. Magistral yol vacibdir, lakin çox işlədilən deyil. Gözləyirəm ki, beynəlxalq ticarətin əsas hissəsi hələ də Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Bakını Gürcüstanın dəniz limanları ilə birləşdirən avtomobil və dəmir yolları xətti ilə həyata keçiriləcək", - deyə A.Mastard bildirib.

A.Mastard əlavə edib ki, ümumən, etibarlı dəmir yolu və dəniz marşrutları toplu yüklər üzrə beynəlxalq ticarətin səmərəliliyini artırmaq üçün fiziki infrastrukturun vacib elementləridir. Bu baxımdan, Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsi, Bakı ilə Gürcüstan, eləcə də Gürcüstan və Türkiyə arasında dəmir yollarının ötürücülük qabiliyyətinin genişləndirilməsi çox vacib olacaq.

Milli.Az