Overçuk da İrəvana gəldi – Ermənilərin şok reaksiyası

19 Sentyabr 2022 08:42

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanda səfərdə olduğu vaxt Rusiya Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti də İrəvana gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Rusiya nümayəndə heyətinin səfərinin məqsədi 9-cu Rusiya-Ermənistan Regionlararası Forumunda iştirak etməkdir.

Overçuk deyib ki, səfərin hədəfi Ermənistanla tarixi yaxınlığımızı vurğulamaq, xalqlarımız arasındakı münasibətləri və iqtisadi əlaqələri gücləndirməkdir:

"Məqsəd - Rusiya və Ermənistanın qarşısında dayanan iqtisadi məsələləri praktik olaraq həll etməkdir. Bu, təkcə gəlişigözəl sözlər, nəzəriyyə və vəd deyil, ölkələrimizin insanlarının maraqlarına uyğun real işdir".

O əlavə edib ki, tərəflər bütün səviyyələrdə - Rusiyanın regionlarında və Ermənistanın vilayətlərində, biznes və ekspert icmalarında, dövlət qurumlarında ardıcıl və davamlı işləyirlər.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin səfəri Pelosinin səfəri fonunda itib-batıb. Overçukun çıxışını da erməni mediası heç də həvəslə tirajlamır.

Əvəzində isə Pelosini qarşılamağa minlərlə erməni çıxır, eyni zamanda, hazırda İrəvanın müxtəlif məkanlarında iki izdihamlı aksiya keçirilir - biri Pelosinin İrəvana səfərinə dəstək, digəri isə Ermənistanın Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxması tələbidir.

Milli.Az