Gürcüstan QADAĞA QOYDU: Azərbaycan MAŞIN BAZARINDA hansı təlatüm gözlənilir?

18 Sentyabr 2022 12:45

Gürcüstan hökuməti köhnə avtomobillərin ölkəyə idxalının qadağan edilməsi istiqamətində işlərə başlayıb.

Belə ki Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Noe Meqrelişvilinin sözlərinə görə, söhbət Avro 5 standartına cavab verməyən avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasından gedir ki, bu da öz növbəsində 2013-cü ildən əvvəl istehsal edilmiş avtomobillərə aiddir.

Layihənin yaxın aylarda qəbul olunması gözlənilir.

Məlumdur ki, ölkəmizə avtomobillərin gətirilməsində Gürcüstanın əhəmiyyəti böyükdür. Belə ki, istər ABŞ, istər Avropa, istərsə də Asiyadan avtomobillər adətən konteynerlərlə gəmilər vasitəsilə ölkəmizə gətirilir. Bu zaman isə okeana çıxışı olan Gürcüstan limanlarından istifadə olunur. Eyni zamanda bir çox avtomobillərin daha ucuz olması səbəbindən azərbaycanlı alıcılar birbaşa Gürcüstan bazarına üz tuturlar.

Ona görə də yeni qərarın Azərbaycan avtomobil bazarı üçün hansı təsirlərinin olacağı maraq doğurur.

Milli.Az bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Gürcüstandan avtomobillərin gətirilməsi ilə bağlı təkrar idxal qaydaları da mövcuddur:

"Ona görə də bu qərarın Azərbaycan bazarı üçün ciddi təsirlərinin olacağını düşünmürəm. Bu o deməkdir ki, 2013-cü ildən əvvəl istehsal olunan avtomobillərin Azərbaycana gətirilməsində hər hansı maneələrin olacağı gözlənilmir. Təbii ki, belə olan halda qərarın nəticəsi olaraq ölkəmizdə avtomobil qiymətlərinin artması da proqnozlaşdırılmır".

Eldəniz Cəfərov bu cür qərarın Azərbaycanın avtomobil parkının yenilənməsi baxımından zəruriliyi məsələsinə də toxunub:

"Azərbaycanda onsuz da avtomobil parkının yenilənməsi ilə bağlı işlər aparılır. Bu istiqamətdə dövlət proqramı da mövcuddur. Hətta dövlət tərəfindən yol xəritəsi də hazırlanıb. Ona görə də Gürcüstandakı qərardan asılı olmayaraq Azərbaycan öz avtomobil bazarını yeniləyəcək".

Milli.Az