Bugündən etibarən Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının əvvəlki qrafiki bərpa olunub.
Belə ki, hərəkət cədvəlində dəyişiklik edilmiş bəzi reyslər ənənəvi qrafik üzrə fəaliyyət göstərir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı sürət elektrik qatarlarına və Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə də əvvəlki qaydada Biləcəri stansiyasının həm meydan, həm də əks tərəfində aparılır.
Həmçinin Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarlarının hərəkət qrafiki də əvvəlki qaydada tənzimlənir.
Xatırladaq ki, 3-14 sentyabr tarixlərində Biləcəri - Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər edilmişdi.
Milli.Az