Afaq Bəşirqızı: «Azərbaycan incəsənətinin inkişafı üçün konsepsiya hazırlanmalıdır»

26 May 2010 09:52
"Bu gün Azərbaycan incəsənətinin daha da inkişaf etməsi üçün mütləq konsepsiya olmalıdır. Bu, heç bir qərar və qanunla həyata keçən məsələ deyil. Ümumiyyətlə, incəsənətin vəziyyətini daha da yaxşılaşdırmaq üçün hər bir sahənin rəhbəri onun konsepsiyasını fikirləşməlidir. Bunu təkcə təşkilat və idarələrin üzərinə qoymaq olmaz" - bu fikirləri Milli.Az xəbər portalına xalq artisti Afaq Bəşirqızı bildirib.

Aktirsa Azərbaycan kinosu və teatrının durumundan da söz açıb. O, qeyd edib ki, hamının əl-ələ verməsi vacibdir. Xalq artisti Azərbaycanda teatrlara sərbəstlik verilməsini vacib hesab edir.

"Teatrlara mütləq sərbəstlik verilməli, onlar heç nədən asılı olmamalıdır. Bu sərbəstlik repertuar seçimindən tutmuş aktyor seçiminə qədər davam etməlidir. Yalnız bundan sonra bir çox teatrların geniş şəkildə inkişafından danışmaq olar. Hər halda, Azərbaycan teatrı püxtələşməlidir. Bunun üçün isə bir qədər də zamana ehtiyacımız var. Amma son illər işıq gələn tərəfə addımladığımızı deyə bilərəm. Yaxın illər üçün vəziyyətin bir qədər dəyişmək ehtimalı böyükdür" - deyə xalq artisti bildirib.

Müvafiq sahənin inkişafı istiqamətində səy göstərdiyini söyləyən Afaq Bəşirqızı yaxın aylarda bir sıra teatr layihələri ilə çıxış edəcəyindən xəbər verib: "Mənə verilən qiymətdən belə nəticəyə gəlirəm ki, fəaliyyətimi heç də pis qurmamışam. Amma fəxri adından, məşhurluğundan asılı olmayaraq, hamımız sənət üçün çalışmalıyıq".

Xədicə
Milli.Az